Müdafiə naziri: "Azərbaycan ordusunun ermənilərdən qat-qat üstün olduğunu bu yaxınlarda düşmənə sübut edəcəyik" - VİDEO

Müdafiə naziri: "Azərbaycan ordusunun ermənilərdən qat-qat üstün olduğunu bu yaxınlarda düşmənə sübut edəcəyik" - VİDEO Zakir Həsənov: "Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir"
Hərbi
9 Noyabr , 2015 13:15
Müdafiə naziri: Azərbaycan ordusunun ermənilərdən qat-qat üstün olduğunu bu yaxınlarda düşmənə sübut edəcəyik - VİDEO

Bakı. 9 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, əvvəlcə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncamı bir daha şəxsi heyətin diqqətinə çatdırılıb.

Düşmənlə üz-üzə səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Nazir bildirib ki, Ali baş komandanın, Prezidentin diqqəti, qayğısı və birbaşa rəhbərliyi nəticəsində ordu son vaxtlar sürətlə inkişaf edir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə olunub: "Cəbhədə keçirilən tədbirlər nəticəsində xeyli sayda düşmən məhv edilib, o, psixoloji cəhətdən sarsıdılıb. Əsgərlərimizin ruh yüksəkliyi düşmənləri qorxudur. Onlar vahimə içərisindədirlər.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə cəbhə bölgəsində şəxsi heyətin xidməti döyüş fəaliyyətini, döyüş növbəsini yoxladıq. Bir daha əmin olduq ki, Azərbaycan əsgəri mərd şəkildə cəbhədə düşmənlə üz-üzə dayanaraq onu işğal olunmuş torpaqlarımızdan qovaraq ərazilərimizi azad etməyə tam hazırdır. Buna nail olmaq üçün bizim bütün imkanlarımız var".

Z.Həsənov deyib ki, hər gün Azərbaycan ordusu müasir silahlar, toplar, zirehli texnikalarla silahlanır, yeni tikililər istifadəyə verilir: "O cümlədən sizin də xidmət etdiyiniz hərbi hissəniz əsgər və zabitlərin istifadəsinə verilib. Bunlar hamısı bizə imkan verir ki, haqq sözümüzü, mövqeyimizi müdafiə edək və qısa bir müddətdə ermənilərə göstərək ki, Azərbaycan xalqı, ordusu onlardan qat-qat üstündür. Biz bunu bu yaxınlarda düşmənə sübut edəcəyik. Qısa müddət ərzində həyata keçirilən əməliyyatlar göstərdi ki, işğalçını hansı aqibət gözləyir.

Bu bayram günündə mən xüsusi qeyd etmək istəyirəm ki, möhtərəm cənab Prezidentin bizə təqdim etdiyi döyüş bayrağımız da dövlət bayrağının rəmzlərini əks etdirir. Biz hamımız bir yerdə o günü yaxınlaşdırmalıyıq ki, döyüş bayraqlarımızı Azərbaycanın işğal olunmuş torpaqlarında ucaldaq.

Hər bir Azərbaycan əsgəri nümunəvi nizam-intizama malik olmalı, xidməti fəaliyyətini, döyüş hazırlığını daim artırmalı, sərəncamındakı ən müasir silah-sursat, hərbi texnikanı bacarıqla istifadə etməyə qadir olmalı, işğalçılara qarşı döyüşlərdə mərdlik və fədakarlıq göstərməyə hər an hazır olmalıdır.

Azərbaycan Silahlı Qüvvələrinin gücü məhz şəxsi heyətin vətənpərvərliyində, döyüş əzmi və ruh yüksəkliyində, yüksək nizam-intizamında və peşəkarlığındadır.

Bir daha sizi təbrik edir və uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi