​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb

​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb İstintaq orqanının verdiyi təqdimat təmin olunub
Hadisə
23 Aprel , 2016 13:22
​Taleh Bağırovun müavininin həbs müddəti uzadılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu gün Nəsimi Rayon Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

“Report”un əldə etdiyi məlumata görə, istintaq orqanının verdiyi təqdimat təmin olunub və E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırovdur. O, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanılıb. E.Qasımov isə noyabrın 5-də tutulub. E.Qasımov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb. Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri iklə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi