Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğulun məhkəməsi başlayıb

Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğulun məhkəməsi başlayıb Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir
Hadisə
30 Avqust , 2016 10:37
Sumqayıtda qadını öldürməkdə təqsirləndirilən ata və oğulun məhkəməsi başlayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və İslam Xəlfəyevin cinayət işi üzrə hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Ş.Xəlfəyev və 1991-ci il təvəllüdlü İ.Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23:00 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi