​Sumqayıtda müğənnini döyüb atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

​Sumqayıtda müğənnini döyüb atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib Birinci intansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
5 İyul , 2016 16:22
​Sumqayıtda müğənnini döyüb atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 5 iyul. REPORT.AZ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Şamil Abdulla oğlu Əhmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar ealn olunub.

Qərara əsasən, Ş.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib. Birinci intansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2013-cü ilin iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovadan ayrılan Əhmədov Şamil Abdulla oğlu onunla barışmaq üçün yaşadığı ünvana gəlib. Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Ş.Əhmədov Rusiya Federasiyasına qaçıb. O, bir müddət sonra Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Rusiyada tutulan Ş.Əhmədov Azərbaycana təhvil verilib.

Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bu il mart ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ş.Əhmədov bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə mühakimə olunub. 

Xatırladaq ki, T.Hüseynova müğənnidir.

Son xəbərlər

Orphus sistemi