Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə ifadə verib

Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə ifadə verib "Anam yerdə qan içərisində uzanmışdı..."
Hadisə
28 İyun , 2016 12:21
Qətlə yetirilən bələdiyyə sədrinin 10 yaşlı qızı məhkəmədə ifadə verib

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən şəxslərin 10 yaşlı qızı Fidan Əbilhəsənova, Kifayət Əliyeva, Şaxı Əbilova və Mirtaleh Əhmədov ifadə verib.

F.Əbilhəsənova hadisə zamanı evdə olduğunu deyib: "Həmin gün anamın telefonuna tez-tez zəng gəlirdi. Anam isə cavab verməyib söndürürdü. Bu zaman Fədai dayı otağa daxil oldu. Nənəm yuxarıda olan zalda yerə yıxılmışdı. Fədai dayı əvvəl anamı, sonra atamı vurub balkondan qaçdı. Anam yerdə qan içərisində uzanmışdı. Anama dedim ki, atamı vurublar. Lakin o, yerindən tərpənmirdi, anamın qolu aşağı düşdü".

Dövlət ittihamçısı F.Əbilhənovun istintaqa verdiyi ifadə ilə ziddiyyət olduğunu bildirib. F.Əbilhəsənova isə hadisədən sonra nənəsi Xanım Əbilhəsənovanın istəyi ilə ifadə verdiyini deyib.

Qətlə yetirilən şəxslərin evində çalışan K.Əliyeva ifadəsində bildirib ki, hadisədən sonra ona zəng edib, təcili tibbi yardım çağırmasını deyiblər: "Hadisə yerinə gələndə hər iki şəxsin bıçaqla vurulmasını eşitdim. Əvvəl maşına Vəfadarı mindirdilər. Mərhumların oğlu İsmayıl qışqırırdı ki, anam yuxarda qalıb".

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi