Bakı. 28 noyabr. REPORT.AZ/ Qaxda xurma daşıyan yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə axşam saat 22-30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 103-cü km-də, yolun Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Balakən rayon Tülü kənd sakini 53 yaşlı İlqar Kamal oğlu Layıcov idarə etdiyi "08-BG-580" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Balakən istiqamətində hərəkətdə olarkən, avtomobilin arxa təkərinin partlaması nəticəsində maşını yolun kənarına aşırdıb.
Hadisə nəticəsində sürücü xəsarət almasa da, təqribən 5 ton çəkisi olan 600 ədəd xurma yeşiyi magistral yola dağılıb və yük avtomobilinin bir hissəsi yararsız vəziyyətə düşüb. Yük avtomobili xurmanı Göyçaydan Balakənə aparırmış.
Faktla bağlı BDYP-i idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.