Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.