​Gülər Əhmədovanın şikayəti əsasında məhkəmə keçirilib

​Gülər Əhmədovanın şikayəti əsasında məhkəmə keçirilib Sabiq deputat prosesə gəlməyib
Hadisə
19 Yanvar , 2016 11:34
​Gülər Əhmədovanın şikayəti əsasında məhkəmə keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib. 

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək iclasda dövlət ittihamçısı və G.Əhmədovanın müdafiəçisi çıxış edib.

G.Əhmədova özü məhkəmə prosesində iştirak etməyib.

Məhkəmənin növbəti prosesi fevralın 2-nə təyin edilib.

Qeyd edək ki, G.Əhmədova şərti məhkum etmə cəzasının ləğv olunması və məhkumluğun götürülməsinə dair Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. Qərardan narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi