Baş prokuror: “Müsəlman Birliyi”nin 68 nəfər üzvü həbs olunub

Baş prokuror: “Müsəlman Birliyi”nin 68 nəfər üzvü həbs olunub Mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və s. götürülüb
Hadisə
5 Fevral , 2016 18:43
Baş prokuror: “Müsəlman Birliyi”nin 68 nəfər üzvü həbs olunub

Bakı. 5 fevral. REPORT.AZ/ “Müsəlman Birliyi” adlı qurumun 68 nəfər üzvü həbs olunub. 

"Report" xəbər verir ki, bunu fevralın 5-də Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclasıında baş prokuror Zakir Qaralov deyib. 

Baş prokuror bildirib ki, hüquqi qeydiyyatı olmayan “Müsəlman Birliyi” adlı qurumun üzvləri Taleh Bağırov və qeyrilərinin barəsində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidiməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov və onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə də təşkilatlanması və silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilib, mütəşəkkil dəstənin Bakı şəhəri və ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri və digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat və sair əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

Z.Qaralov qeyd edib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılıb, o cümlədən “Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi