​Bakıda turistlərə satmaq üçün saxta dollar hazırlayan Belçika vətəndaşlarının məhkəməsi keçirilib

​Bakıda turistlərə satmaq üçün saxta dollar hazırlayan Belçika vətəndaşlarının məhkəməsi keçirilib Prosesdə təqsirləndirilən şəxslər və şahidlər ifadə verib
Hadisə
19 Oktyabr , 2015 18:16
​Bakıda turistlərə satmaq üçün saxta dollar hazırlayan Belçika vətəndaşlarının məhkəməsi keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda saxta pul kəsməkdə təqsirləndirilən Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və şahidlər Şəmsəddin Mirzəyev, Səyyad Rüstəmov ifadə verib.

Hər iki təqsirləndirilən şəxs özlərini təqsirli hesab etməyib. 3 uşaq atası olan Hongla Samuel dindirilən zaman bildirib ki, bu işdən xəbəri yoxdur: "Mən heç dollar kağızını belə görməmişəm. Həyatımda heç vaxt belə bir iş tutmamışam. Əgər saxta dollar kəsəsi olsaydım, bunu Azərbaycanda deyil, Belçikada edərdim".

S.Rüstəmov isə Bakıda Belçika vətəndaşları ilə təsadüfi tanış olduğunu vurğulayıb: "Şəhərdə dostumla telefonda ingilis dilində danışırdım. Bu zaman Maput Martial və Hongla Samuel mənə yaxınlaşıb, turist olduqlarını dedilər. Bu şəxslərlə bir neçə dəfə şəhərdə görüşdüm. Görüşlərimizin birində həmin şəxslər mənə özlərində saxta pulun olduğunu və alıcılarını tapmağımda kömək etməyimi istədilər. Mən də bu haqda polisə xəbər verdim".

Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi