​Bakıda söyüşə görə tanışını öldürən şəxsin məhkəməsi keçirilib

​Bakıda söyüşə görə tanışını öldürən şəxsin məhkəməsi keçirilib Qətlə yetirilən şəxsin anası: "Həyat yoldaşımı da 10 il bundan qabaq söyüşə görə öldürüblər"
Hadisə
1 Dekabr , 2015 16:10
​Bakıda söyüşə görə tanışını öldürən şəxsin məhkəməsi keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və qətlə yetirilən Ağayev Əyyar Qubad oğlunun hüquqi varisi olan anası Töhfə Qasımova ifadə verib.

X.Şabanzadə məhkəmədə verdiyi ifadə zamanı özünü təqsirli hesab etdiyini deyib: "Hadisədən əvvəl dostlarımla kafeyə getdik. Kafedə yemək yeyəndən sonra çayxanaya yollanarkən Əyyar mənə zəng elədi. O, "Niyə məni də çağırmamısan?" dedi. Ona məni uşaqların kafeyə apardığını dedim. Lakin məni başa düşmək istəmədi. Əyyar məni söyüb, təhqir etdi. Telefonu qapadım, lakin o, yenidən zəng vurdu. Əyyar Zaura da zəng eləyib onun kafeyə çağırılmamasının səbəbini soruşdu. Əyyar yenidən zəng edərkən onu kanalın üstündə yerləşən çayxanaya çağırdım. Uşaqlar məndən səbirli olmağımı istədilər. Dedilər ki, bu onun köhnə xasiyyətidir. Onu öldürmək istəmirdim. Onun məndən üzr istəməsini istəyirdim. Lakin məndən üzr istəmədi deyə onu üzərimdə gəzdirdiyim bıçaqla vurdum. Uşaqlar Əyyarı xəstəxanaya apardılar. Daha sonra yaşadığım Lənkəran rayonuna gedib ailə üzvlərimlə görüşdüm və polisə təslim oldum".

Qətlə yetirilən şəxsin anası Töhfə Qasımova ifadəsində bildirib ki, oğlunun atası Qubad Ağayevi də 10 il bundan əvvəl bıçaqlayıb öldürüblər: "Bilmirəm oğlumun ölümünə nə səbəb olub?! Bu cinayət işində digər şəxslər də var. Bəs onlar indi hardadır? Əyyar mənim tək oğlum idi. Oğlumdan başqa bir qızım da var. Mən onları zülmlə böyütmüşəm. Həyat yoldaşımı da 10 il bundan qabaq öldürüblər. Onun ölümünə səbəb söyüş olub. Ərim öz yaxın qohumu tərəfindən öldürülüb. Oğlum Əyyar subay idi. Bir qızla qeyri-rəsmi nikahda yaşayırdı. Usta yanında fəhləlik edirdi. Məhkəmədən xahiş edirəm ki, Xəyala ən ağır cəza verilsin".

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, bu il iyulun 26-da Xəzər rayonu Hövsan qəsəbəsi Südçülük massivində 1991-ci ildə Lerik rayonunda anadan olmuş Ağayev Əyyar Qubad oğlu Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Xəyal Şabanzadə tərəfindən bıçaqlanıb. Yaralı vəziyyətdə Sabunçu rayon 3 saylı Şəhər Xəstəxanasına gətirilən Ə.Ağayev orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Ağayevi öldürən X.Şabanzadə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələrilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi