Azərbaycanda güclü təsir edən maddələrdən istifadə edənləri 8 ilə qədər həbs gözləyəcək

Azərbaycanda güclü təsir edən maddələrdən istifadə edənləri 8 ilə qədər həbs gözləyəcək "Narkotik vasitələr və psixotrop maddələr güclü təsir edən maddələr siyahısına daxil deyil"
Hadisə
17 Mart , 2016 12:35
Azərbaycanda güclü təsir edən maddələrdən istifadə edənləri 8 ilə qədər həbs gözləyəcək

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə, zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə də əlavə və dəyişiklik edilməsi təklif olunub. Belə ki, məcəllənin 240.3.2-ci maddəyə edilən əlavə və dəyişikliyə əsasən, güclü təsir edən maddələrə münasibətdə satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə, 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Komitə sədri Əli Hüseynli bildirib ki, parlamentdə dəfələrlə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının siyahısı təsdiqlənib, lakin bu məsələ indiyə qədər ayrıca qanunla tənzimlənməyib: “Layihədə bildirilir ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahisı” və “Zəhətli maddələrin Siyahısı” təsdiq edilsin”.

Nazirlər Kabinetinin nümayəndəsi Ceyhun Hüseynov qanun layihəsi barədə deyib ki, bu sənəd dövlət başçısının müvafiq sərəncamına əsasən Nazirlər Kabineti, həmçinin, Səhiyyə, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Göpmrük Komitəsinin tövsiyələri əsasında hazırlanıb: "İndiyə qədər bu məsələ ölkəmiz üçün aktuallıq kəsb etmirdi. Ancaq indi belə bir aktuallıq meydana gəlib və bu baxımdan, müvafiq qanunun olması məqsədəuyğun sayılıb".

Respublika Narkoloji Dispanserinin nümayəndəsi də qeyd edib ki, narkotik vasitələr və psixotrop maddələr güclü təsir edən maddələr siyahısına daxil deyil. Eyni zamanda, 52 adda zəhərli maddə mövcuddur.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub

Son xəbərlər

Orphus sistemi