Azərbaycanda cinayətkar dəstə quran polisin məhkəməsi başlayıb

Azərbaycanda cinayətkar dəstə quran polisin məhkəməsi başlayıb Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək
Hadisə
8 Sentyabr , 2015 18:52
Azərbaycanda cinayətkar dəstə quran polisin məhkəməsi başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Məhkəmə prosesi sentyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Ş.Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı adam olmasını biliblər və onu öldürərək evini qarət etmək qərarına gəliblər. Daha sonra həmin şəxslər qadının evinə basqın ediblər və evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar.

Ş.Orucov və R.Əhmədov imkanlı adam olduqlarını hesab etdikləri Tahirə Əhmədovanın evinə basqın ediblər və 6 min manat dəyərində qızıl oğurlayıblar. Lakin qadın evdə olmadığı üçün onu öldürə bilməyiblər.

Şakir Orucov və Röyal Əhmədov cinayətkar əməllərini davam etdirmək məqsədilə Bakı şəhərinə gəliblər. Paytaxda Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

2015-ci ilin fevralında isə Rəşad Tağıyev Raci İsgəndərovla qabaqcadan əlbir olub, İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar.

Son xəbərlər

Orphus sistemi