​“AMAY” rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

​“AMAY” rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib Vəkilin vəsatəti təmin edilməyib
Hadisə
13 Noyabr , 2015 17:16
​“AMAY” rəhbərinin apellyasiya şikayəti üzrə məhkəmə keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və həmin ticarət mərkəzinin direktoru Elşən Novruzovun barələrində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Osman Kazımov vəsatətlə çıxış edib. O deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə "Qaradağ tikinti materialları" MMC-nin əmlakının müsadirə olunması məsələsi də yer alıb: "Əslində, həmin əmlakın sahibi Abdulla Abdulayev deyil".

Vəkil məhkəmədən MMC-nin nümayəndəsini məhkəməyə çağırılaraq ifadə verməsini və əmlakın müsadirə olunması ilə bağlı qərarın ləğv edilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. E.Novruzova isə 9 il həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi