Ağcabədinin polis rəisi rayon sakinlərinin itkin düşməsilə bağlı məsələyə aydınlıq gətirib

Ağcabədinin polis rəisi rayon sakinlərinin itkin düşməsilə bağlı məsələyə aydınlıq gətirib Şamil Seyidli: "Ağcabədidə insan oğurluğu ilə məşğul olan quldur dəstəsinin olması ilə bağlı yayılan məlumatlar uydurmadır"
Hadisə
20 Oktyabr , 2015 18:24
Ağcabədinin polis rəisi rayon sakinlərinin itkin düşməsilə bağlı məsələyə aydınlıq gətirib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ağcabədi Rayon Polis Şöbəsi (RPŞ) rayonun üç sakininin itkin düşməsilə bağlı məsələyə aydınlıq gətirib. Rayon Polis Şəbəsinin rəisi, polis polkovniki Şamil Seyidli "Report"a açıqlamasında deyib ki, müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin yoxa çıxması ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub: "Əvvəla, itkin düşdüyü güman olunan şəxslər eyni vaxtda yoxa çıxmayıblar. Onlardan biri 56 yaşlı Fatma Yadulla qızı Məhərrəmova ötən ilin avqust ayında evdən çıxıb, geri qayıtmayıb. İndi bəziləri həmin qadın və onun necə yoxa çıxması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya həmin qadın valyuta dəyişən olub. Əslində, belə deyil. Fatma Yadulla qızı Məhərrəmova valyuta dəyişən olmayıb. Bu qondarma məlumatı onun qohumları sonradan əlavə edirlər ki, guya həmin qadın valyuta dəyişən olub. Amma bu, tamamilə yanlış məlumatdır". 

Polis rəisi qeyd edib ki, itkin düşənlərdən biri Ruhi-Əsəb Xəstəlikləri Xəstəxanasında qeydiyyatda olub: "Bu ilin may ayında itkin düşən Vüqar Cənnət oğlu Hümmətov Ruhi-Əsəb Xəstəlikləri Xəstəxanasında qeydiyyatda olub. Onun bazarda qeyri-rəsmi valyuta dəyişməklə məşğul olduğunu deyirlər".

Ş.Seyidli bildirib ki, oktyabrın 17-də evdən çıxıb geri qayıtmayan Valeh Qanboy oğlu İsmayılovun axtarışları davam edir. Rəisin sözlərinə görə, RPŞ-də əməliyyat istintaq qrupu yaradılıb və müəyyən məlumatlar artıq məlumdur: "Lakin həmin məlumatlar istintaq sirri olduğu üçün açıqlaya bilmərəm".

Polis rəisi Ağcabədidə insan oğurluğu ilə məşğul olan quldur dəstəsinin olması ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, rayonda adam oğurlayan quldur dəstəsinin olması haqda deyilənlər uydurmadır: "Bunu nəyə əsaslanıb yazırlar, niyə yazırlar, biz də bilmirik. Bu məlumatlar tamamilə yanlışdır və heç bir əsası olmayan informasiyalardır".

Son xəbərlər

Orphus sistemi