Bakı. 16 fevral. REPORT.AZ/ "Xəzər Lənkəran"ın transferə çıxardığı futbolçu Elnur Cəfərov İspaniyanın "Ovyedo" klubunun düşərgəsinə yollanıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Onun sözlərinə görə, ötən il aparılmış danışıqların ardından Cəfərov bu gün İspaniyaya uçub. Gənc hücumçu həftəsonuna qədər İspaniya klubunun düşərgəsində baxışda olacaq. Bundan sonra məsələyə aydınlıq gələcək: "Hələ bazar gününə qədər vaxt var. Elnurun baxışa getməsinə baxmayaraq, qarşı tərəflə transfer məbləği haqda heç bir danışıq olmayıb".
"Ovyedo" hazırda İspaniya Sequndasında 3-cü yerdə qərarlaşıb. Komanda 25 tura 42 xal toplayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" bir müddət əvvəl klubun daxili nizam-intizam kodeksini kobud şəkildə pozduğuna görə Elnur Cəfərov və daha bir neçə futbolçunu transferə çıxarıb.