AFFA beynəlxalq dərəcəli hakimin övladının müalicə xərclərinin müəyyən hissəsini öz üzərinə götürüb - ƏLAVƏ OLUNUB

AFFA beynəlxalq dərəcəli hakimin övladının müalicə xərclərinin müəyyən hissəsini öz üzərinə götürüb - ƏLAVƏ OLUNUB Orxan Məmmədov: "Müalicə üçün 10 min dollar vəsait lazımdır"
Futbol
10 May , 2016 18:04
AFFA beynəlxalq dərəcəli hakimin övladının müalicə xərclərinin müəyyən hissəsini öz üzərinə götürüb - ƏLAVƏ OLUNUB

Bakı. 10 may. REPORT.AZ/ AFFA beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun 10 aylıq oğlunun müalicə xərclərinin müəyyən qismini öz üzərinə götürüb. Bu barədə "Report"a Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, təşəbbüs baş katib Elxan Məmmədovdan gəlib: "Elxan müəllim ilk olaraq mənimlə danışdı. O, məsələdən tam məlumatlı olduqdan sonra müalicə xərclərinin müəyyən qismini AFFA-nın çəkəcəyini bildirdi. Hakimlər, tanımadığımız çoxlu sayda şəxslər də kömək edir. Bilirik ki, hesab açılıb və bu hesaba pul köçürmələri olur". 

O.Məmmədovun özü isə "Report"a açıqlamasında övladının Moskvada müalicəsi üçün üst-üstə 10 min dollara (təqribən 15 min manat) ehtiyac duyulduğunu bildirib. FİFA referisinin sözlərinə görə, bu məbləğə yol və müalicə müddətində Rusiya paytaxtında qalmaq xərcləri də daxildir. O, hələlik 8 min manat vəsaitin toplandığını bildirib: "Bu gün AFFA-da oldum və lazımi məbləğin yarıyadək hissəsi mənə verildi. Futbolçular, hakimlər və hətta tanımadığım şəxslər köməklik göstərirlər. Məsələn, Xaçmazdan tanımadığım şəxs 1 000 manat ödəyib. Bu gün bir nəfər 500 manat verəcək. Onu da tanımıram. Heç biri istəmir ki, adı çəkilsin. Mən də buna görə açıqlama vermirdim. Amma görürəm ki, sanki heç kimin köməklik göstərmədiyi barədə fikirlər səsləndirənlər olur. Xeyr, bu, elə deyil. Sağ olsunlar, köməklik göstərirlər".

FİFA referisi bildirib ki, daha 5 000 manata ehtiyacı var. O, övladını mayın ikinci yarısında Moskvaya aparacağını əlavə edib.   

Qeyd edək ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. İndiyədək 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır.
Onun beyninə su yığılır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.

Son xəbərlər

Orphus sistemi