Bu gün futbol üzrə Azərbaycan çempionatında 32-ci turun üç oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında 32-ci turun üç oyunu keçiriləcək Turun mərkəzi qarşılaşması "Zirə" və "Qarabağ" arasında baş tutacaq
Futbol
1 May , 2016 07:00
Bu gün futbol üzrə Azərbaycan çempionatında 32-ci turun üç oyunu keçiriləcək

Bakı. 1 may. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna yekun vurulacaq.

"Report"un məlumatına görə, turun son oyun günündə 3 qarşılaşma keçiriləcək.

İlk olaraq Bakının "İnter" klubu "Sumqayıt"ı qəbul edəcək. Hazırda 49 xalla 5-ci pillədə qərarlaşan "bankirlər" qələbə qazanacağı təqdirdə 3-cü pilləyə yüksələcək. 29 xalla turnir cədvəlinin 8-ci pilləsində olan Sumqayıtın eyniadlı komandası isə nəticədən asılı olmayaraq mövqeyini dəyişməyəcək. Komandalar ölkə çempionatlarında bu günədək 15 oyun keçirib. Bunların 9-da "İnter", 2-də isə "Sumqayıt" qələbəni bayram edib. Qalan 4 oyunda bərabərlik qeydə alınıb. Paytaxt klubu "Sumqayıt"ı sonuncu dəfə evdə 2014-cü ilin avqustun 24-də məğlub edib - 5:1.

Növbəti görüş "Qəbələ" və "Neftçi" komandaları arasında olacaq. Bu matç Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan hər iki komanda üçün önəmlidir. Aktivində 49 xal olan "Qəbələ" 3 xal qazanarsa, 3-cü pillənin sahibi "Kəpəz"lə xallarını (52) bərabərləşdirəcək. Bugünədək ölkə çempionatlarında keçirilmiş görüşlərdə "Neftçi" üstünlüyə malikdir. Bakı klubu 14 qələbə qazanıbsa, "qırmızı-qaralar"da bu göstərici 10-dur. Komandalar 7 dəfə meydanı bərabərliklə tərk edib.

Günün və turun son görüşündə isə "Zirə" klubu turnir cədvəlinin vahid lideri "Qarabağ"ı qəbul edəcək. Bu oyun qızıl medalların taleyi baxımından əhəmiyyət kəsb edir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə Premyer Liqanın 2015/2016 mövsümünün qalibi adını qazanacaq. Adil Şükürovun komandası isə mövsüm sonunda gümüş medal qazanmaq üçün meydanı 3 xalla tərk etməyə çalışacaq. "Qarabağ"ı ən yaxın izləyicisi "Zirə"dən 12, 60 xalı olan "Zirə"ni isə ən yaxın qonşusu "Kəpəz"dən 8 xal ayırır. Komandalar bugünədək cəmi 3 dəfə qarşılaşıb. Bu görüşlərin ikisində "Qarabağ" qələbə qazanıbsa, bir oyunda qalib müəyyənləşməyib.

16:00. "İnter" – "Sumqayıt"

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "İnter Arena"

16:30. "Qəbələ" – "Neftçi"

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ. Qəbələ şəhər stadionu (CBC Sport)

19:00. "Zirə" – "Qarabağ"

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. Zirə İdman Kompleksinin stadionu (CBC Sport)

Qeyd edək ki, turun ilk oyun günündə keçirilmiş iki matçda meydan sahibləri qələbə qazanıb. "Kəpəz" "Rəvan"ı 3:2, AZAL isə "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi