Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha 2 oyunu keçiriləcək. "Report"un məlumatına görə, Gəncədə "Kəpəz" "Xəzər Lənkəran"ı, Bakıda isə "İnter" "Rəvan"ı qəbul edəcək.
"Kəpəz" əvvəlki 2 turu, "Xəzər Lənkəran" isə ötən matçını qələbə ilə başa vurub. Əslən gəncəli olan Lənkəran komandasının baş məşqçisi Yunis Hüseynov vaxtilə futbolçu kimi çıxış etdiyi komanda ilə üz-üzə gələcək. Digər tərəfdən, bu, Premyer Liqanın ən böyük azarkeş kütləsinə malik komandalarının qarşılaşması kimi əlamətdar olacaq.
İndiyədək “Kəpəz”lə "Xəzər Lənkəran” arasında 12 oyun olub. Qarşılaşmalardan 1-də Gəncə, 10-da Lənkəran təmsilçisi qələbə qazanıb, daha 1 matç isə heç-heçə ilə nəticələnib. Vurulan qollar nisbətində də cənublular üstündürlər - 20:8. “Xəzər Lənkəran” əvvəlki 12 oyunun hamısında “Kəpəz”in qapısına qol vurub. "Ağ-yaşıllar" son 7 qarşılaşmada qol sevinci yaşayıb.
Günün növbəti oyununun iştirakçılarına gəldikdə, "İnter" son 2 matçda, "Rəvan" isə mövsüm başlayandan qələbəyə həsrət qalıb. Ardıcıl 5 məğlubiyyətdən sonra qonaq komandanın baş məşqçisi Emin Quliyev istefaya göndərilib. Bugünkü matça "Rəvan" yeni baş məşqçi Bəhmən Həsənovun rəhbərliyi altında çıxacaq. Əvvəllər də bir neçə dəfə bu komandanın sükanı arxasında olmuş Həsənovun indi necə debüt edəcəyi maraqla gözlənilir.
Əvvəlki 8 qarşılaşmanın hamısında qol vuran “İnter” bütün oyunlarda qalib gəlib. Son 6 paytaxt derbisində isə “İnter” 2 və ya daha çox qola imza atıb.
Azərbaycan Premyer Liqası, IX tur
24 oktyabr
15:00. "Kəpəz” – "Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
17:00. "İnter” – "Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı, "İnter Arena”.