Berti Foqts ürəyindən əməliyyat olunub

Berti Foqts ürəyindən əməliyyat olunub Azərbaycan yığmasının sabiq baş məşqçisinin ürəyinə süni klapan qoyulub
Futbol
19 Yanvar , 2015 11:28
Berti Foqts ürəyindən əməliyyat olunub

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts ürəyindən əməliyyat olunub. "Report"un məlumatına görə, tibbi müdaxilə ötən həftə Almaniyanın Tübingen Universitetinin klinikasında aparılıb. 

Əməliyyat nəticəsində B.Foqtsun ürəyinə süni klapan qoyulub. Hazırda klinikanın intensiv terapiya şöbəsində olan almaniyalı mütəxəssis bir neçə gün sonra evinə buraxılacaq. B.Foqts "Bild" nəşrinə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: "İndi ürəyim çox gözəl çalışır. Son 3-4 ayda bilirdim ki, mənə yeni ürək klapanı lazımdır. Əməliyyata hazır idim". 

69 yaşlı mütəxəssis Azərbaycan millisini 2014-cü il oktyabrın 13-də AVRO-2016-nın seçmə qrup matçında Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra tərk edib. Həmin vaxt B.Foqts hazırkı heyətlə uğur qazanmağın qeyri-mümkün olduğunu səbəb göstərib. Almaniya mətbuatı isə onun məhz səhhətindəki problemlərlə əlaqədar portunu tərk etdiyini güman edib. 

Qeyd edək ki, Berti Foqts Azərbaycan milli komandasında 2008-ci ilin aprelindən baş məşqçi kimi fəaliyyətə başlayıb. Onun istefası barədə rəsmi açıqlama ötən il oktyabrın 17-də açıqlama verilib. 

Son xəbərlər

Orphus sistemi