Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyununda "Qəbələ" və "Rəvan" komandaları üz-üzə gələcək.
Bu qarşılaşma Avropa Liqasında növbəti mərhələ şansı qalmayan "qırmızı-qaralar"ın çempionluq yolunda mübarizəni davam etdirməsi baxımından xüsusi önəmə malikdir. Baş məşqçi Roman Qriqorçukun komandası 3 xal qazanacağı təqdirdə, turnir cədvəlinin ikinci pilləsinə yüksələcək və 32 xalla lider olan "Qarabağ"dan 6 xal geridə qalacaq. Heç-heçə isə "Qəbələ"ni 24 xala malik "İnter" və "Zirə" ilə şərik edəcək.
Autsayderlikdən qurtulmaq istəyən "Rəvan" isə səfərdən 3 xalla dönərsə, ən yaxın qonşusu AZAL-la xal fərqini 1-ə endirəcək. Bir məqamı da qeyd etmək lazımdır ki, "Rəvan" son iki tura 6 xal qazanıb. "Aslanlar" əvvəlcə "Neftçi"ni (3:2), ardınca isə "Zirə"ni (1:0) məğlub etməyi bacarıb. "Qəbələ" isə ötən 5 turu qələbəsiz başa vurub.
Komandalar bugünədək 9 dəfə üz-üzə gəlib. Onların 6-da "Qəbələ", 2-də "Rəvan" qələbə qazanıb. Qalan 1 oyunda isə hər iki tərəf "sülh"ə razılaşıb. Cari mövsümdəki görüşdə əyalət təmsilçisi Bakıda rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Premyer Liqa, XIV tur
17:00. "Qəbələ" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Xəzər Lənkəran"ı 1:0, AZAL "Sumqayıt"ı 2:0, "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib, "İnter" isə səfərdə "Kəpəz"lə heç-heçə edib - 0:0.