Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub "Qəbələ" və "Rəvan" komandaları meydandan sülhlə ayrılıb
Futbol
30 Noyabr , 2015 19:17
Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub. "Report"un məlumatına görə, turun son oyununda "Qəbələ" və "Rəvan" komandaları üz-üzə gəlib.

Bu qarşılaşma Avropa Liqasında növbəti mərhələ şansı qalmayan "qırmızı-qaralar"ın çempionluq yolunda mübarizəni davam etdirməsi baxımından xüsusi önəmə malik idi. Baş məşqçi Roman Qriqorçukun komandası 3 xal qazanacağı təqdirdə, turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və 32 xalla lider olan "Qarabağ"dan 6 xal geridə qalacaqdı. 

Autsayderlikdən qurtulmaq istəyən "Rəvan" isə səfərdən 3 xalla dönərsə, ən yaxın qonşusu AZAL-la xal fərqini 1-ə endirəcəkdi. Bir məqamı da qeyd etmək lazımdır ki, "Rəvan" son iki tura 6 xal qazanıb. "Aslanlar" əvvəlcə "Neftçi"ni (3:2), ardınca isə "Zirə"ni (1:0) məğlub etməyi bacarıb. "Qəbələ" isə ötən 5 turu qələbəsiz başa vurub. 

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Komandalar bu günədək 9 dəfə üz-üzə gəlib. Onların 6-da "Qəbələ", 2-də "Rəvan" qələbə qazanıb. Qalan 1 oyunda isə hər iki tərəf "sülh"ə razılaşıb. Cari mövsümdəki görüşdə əyalət təmsilçisi Bakıda rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Beləliklə, bu heç-heçədən sonra "Qəbələ" 24 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Aktivində 9 xal olan "Rəvan " isə sonuncu pillədə qərarlaşıb.

Premyer Liqa, XIV tur

"Qəbələ" - "Rəvan" - 1:1

Qollar: Fakundo Pereyra, 90+5 - Tural Qürbətov, 66 

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Xəzər Lənkəran"ı 1:0, AZAL "Sumqayıt"ı 2:0, "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib, "İnter" isə səfərdə "Kəpəz"lə heç-heçə edib - 0:0.

Son xəbərlər

Orphus sistemi