Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avstriyaya böyük hesabla məğlub olub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avstriyaya böyük hesabla məğlub olub Elvin Dəmirov oyunun 63-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib
Futbol
4 Oktyabr , 2016 17:13
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avstriyaya böyük hesabla məğlub olub

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək fubolçulardan ibarət millisi bu gün 2017-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirib. 

"Report"un məlumatına görə, rəqib Avstriya yığması olub.

Azərbaycan millinin yer aldığı 5-ci qrupun oyunlarına ev sahibliyi edən Litvada baş tutmuş görüş Avstriyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Nazim Süleymanovun rəhbərlik etdiyi komandada Elvin Dəmirov 63-cü dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib. Millinin yeganə qoluna 41-ci dəqiqədə Anton Krivotçuk imza atıb. 

Qrupun digər oyununda Litva və Bosniya və Herseqovina yığmaları qarşılaşacaq.

Azərbaycan yığması növbəti oyununu oktyabrın 6-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. U-19 qrup mərhələsinin son oyununda Litva ilə münasibətlərinə aydınlıq gətirəcək. Həmin görüş oktyabrın 9-da olacaq. Hər iki oyun saat 15:00-da start götürəcək.

Avropa çempionatı, I tur

15:00. Avstriya - Azərbaycan - 4:1

Qollar: Arnel Yakupoviç, 23; 66. Aleksandr Koqler, 46. Sandi Lovriç, 81 - Anton Krivotçuk, 41

Qırmızı vərəqə: Elvin Dəmirov, 63

Baş hakim: Conatan Lardot (Belçika)

Yan xətt hakimlər: Frederik Qodelayn (Belçika), Bitis Snarskis (Litva)

Dördüncü hakim: Manfredas Lukyansiukas (Litva)

Litva, Mariyampole. "Suduva" futbol klubunun bazası

Qeyd edək ki, turnirin reqlamentinə əsasən 13 qrupda 4 komanda, ümumilikdə 52 yığma final mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Hər qrupda ilk iki pillənin sahibi növbəti mərhələyə yüksələcək. Bir komanda isə ən yaxşı üçüncü yerin sahibi kimi yoluna davam edəcək və elit mərhələdə 27 komanda mübarizə aparacaq. 7 qrupa bölünəcək komandalardan birinci yeri tutacaq 7 yığma komanda turnirin final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsində ev sahibi Gürcüstanla bərabər 8 komanda çıxış edəcək. Turnirin final oyunları 2 - 15 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi