Bakı. 12 avqust. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu heyətini gücləndirib.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, cənubi afrikalı hücumçu Dino Nidlov ilə 2 illik müqavilə imzalanıb.
26 yaşlı forvard klub saytına açıqlamasında "Qarabağ"a keçidi barədə deyib: "Qarabağ"a gəlməmişdən əvvəl də bu komanda barədə məlumatım var idi. Ona görə də təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, "Qarabağ"da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır".
Qeyd edək ki, Cənubi Afrika millisinin üzvü olan Dino Nidlov ötən mövsümü Cənubi Kiprin "Anartosis" klubunda keçirib və ölkə çempionatında 16 qola imza atıb. O, karyerası ərzində ölkəsindən başqa, İsrail çempionatında da oynayıb.
*** 14:20
"Qarabağ"ın danışıq apardığı Kipr "Anartosis"inin futbolçusu Bakıya gəlib.
Bu barədə "Report"a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, paytaxta gələn hücumçu Dino Ndlovla danışıqlar gedir: "Futbolçu bizimlə görüşmək üçün Bakıya gəlib. Hazırda danışıqlar aparırıq. Danışıqlar yekunlaşdıqdan və transfer rəsmiləşdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, cənubi afrikalı futbolçu Kipr klublarında və Hayfa "Makkabi"sində də çıxış edib.
FOTO: "Qarabağ" FK