Nazirlik rəsmisi: "İdmansız qalmaq orqanizmə təsir göstərir"

Nazirlik rəsmisi: "İdmansız qalmaq orqanizmə təsir göstərir" "Üzgüçülükdə paltardəyişmə otaqları eyni olduğundan, yoluxma təhlükəsi realdır. Buna icazə verilsə, sabah başqa idman növləri üzrə məşqçilər deyə bilərlər ki, bizdə də təhkükə yoxdur"
Fərdi
12 Yanvar , 2021 17:48
Nazirlik rəsmisi: İdmansız qalmaq orqanizmə təsir göstərir

"Qapalı məkanlarda məşq və yarışların keçirilməsi qadağan olunduğu üçün üzgüçülük üzrə milli komanda hazırlıq keçmir. Düzdür, fərdi qaydada açıq havada hansısa fiziki hərəkətlər edirlər. Amma hovuzda məşqlərə icazə verilmir".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin Silsiləvi və oyun idman növləri üzrə sektor müdiri Nicat Həsənov koronavirus pandemiyası dövründə üzgüçülük zallarının bağlı olmasının səbəbləri barədə danışarkən deyib.

Nazirlik rəsmisi bildirib ki, hər bir idman növünün yoluxma ilə bağlı təhlükəli və təhlükəsiz tərəfləri var: "Onları bir-birindən ayırmaq düzgün deyil. Məsələn, üzgüçülükdə, tennisdə idmançılar bir-birilərindən bir neçə metr aralıda dayanırlar, şahmatda isə məsafə daha yaxındır. Razıyam, müəyyən fərqliliklər var. Amma üzgüçülükdə paltardəyişmə otaqları eyni olduğundan, yoluxma təhlükəsi realdır. Buna icazə verilsə, sabah başqa idman növləri üzrə məşqçilər deyə bilərlər ki, bizdə də təhkükə yoxdur. Hər idman növündə özünəməxsus yoluxma təhlükəsi var. Buna ayrılıqda yanaşmaq olmaz".

N.Həsənov Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə uyğun hərəkət etdiklərini vurğulayıb: "Öz istəyimizlə hansısa idman növünə icazə verə bilmərik. Təhlükə olduğu üçün məşq və yarışlara qadağa qoyulub. Təkliflər planı hazırlayaraq, Operativ Qərargaha təqdim edəcəyik. İdman şöbəsi bunun üzərində işləyir. Görək, ondan sonra qərar necə olacaq".

Sektor müdiri "Yoluxma təhlükəsi varsa, niyə digər ölkələrdə, xüsusilə də qonşu Türkiyə, Rusiya və Gürcüstanda idman zalları açıqdır" sualına bu cür cavab verib: "Qadağa ilə bağlı Operativ Qərargahdan daha dolğun məlumat ala bilərsiniz. Yəqin, virusun yayılmasının qarşısını almaq üçün belə qərar veriblər".

N.Həsənov pandemiyanın tək üzgüçülüyə deyil, idmanın bütün növlərinə mənfi təsir etdiyini söyləyib: "Mənim özüm peşəkar səviyyədə olmasa da, idmanla məşğul oluram. İdmansız qalmaq orqanizmə təsir göstərir".

Son xəbərlər

Orphus sistemi