Nazirlik: Azərbaycan hökuməti Avropa Oyunlarının Rusiyada keçirilməsi xahişilə müraciət etməyib

Nazirlik: Azərbaycan hökuməti Avropa Oyunlarının Rusiyada keçirilməsi xahişilə müraciət etməyib Azərbaycanın Gənclər və İdman Nazirliyi Rusiyanın İdman Nazirliynə sorğu göndərəcək
Fərdi
14 Noyabr , 2015 13:40
Nazirlik: Azərbaycan hökuməti Avropa Oyunlarının Rusiyada keçirilməsi xahişilə müraciət etməyib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Gənclər və İdman Nazirliyi Rusiyanın İdman Nazirliyinə sorğu göndərəcək. 

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, ötən gün Rusiya mətbuatında bu ölkənin idman naziri Vitali Mutkonun açıqlaması yayılıb. Açıqlamada iddia olunub ki, Azərbaycan hökuməti növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün bu ölkəyə müraciət edib, lakin Moskva bu oyunları keçirməyəcəyinə dair mövqe ortaya qoyub: "Gənclər və İdman Nazirliyi məsələ ilə bağlı Vitali Mutkonun açıqlamasının media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın İdman Nazirliynə sorğu göndərəcək".

Nazirlikdən bildirilib ki, heç bir halda Azərbaycan hökuməti və ya Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib: "Azərbaycan ilk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb. Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə dair müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildiririk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətində həll olunur. İkinci Avropa Oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olamayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi