​Məhəmmədrəsul Məcidov “ulduz xəstəliyi”nə yoluxması barədə deyilənlərə münasibət bildirib

​Məhəmmədrəsul Məcidov “ulduz xəstəliyi”nə yoluxması barədə deyilənlərə münasibət bildirib "Rəqiblərlə rinqə döyüşü vaxtından tez başa vurmaq üçün çıxmıram"
Fərdi
29 Noyabr , 2014 14:09
​Məhəmmədrəsul Məcidov “ulduz xəstəliyi”nə yoluxması barədə deyilənlərə münasibət bildirib

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanlı ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovla ukraynalı Sergey Verveyko arasında noyabrın 30-da "AİBA Pro Boxing" turniri çərçivəsində 91 kq-dan yuxarı çəki dərəcəsində keçiriləcək döyüş ərəfəsində mətbuat konfransı təşkil olunub. “Report”un məlumatına görə, M.Məcidov 2013-cü ilin oktyabrında dünya çempionu olduqdan sonra ilk rəsmi döyüşünə hərtərəfli hazırlaşdığını bildirib.

O deyib ki, “AİBA Pro Boxing”dəki ilk görüşdən kənarda qalması xəstəliyi ilə əlaqədardır: “Keçən dəfə zökəm və qripə yoluxmuşdum. Çox bərbad vəziyyətdə idim. Amma bu dəfə formadayam. Rəqibi də tanıyıram”.

M.Məcidov ötən bir il ərzində məşq edərək, hazırlıq proseslərində daim iştirak etdiyini söyləyib. Boksçu “ulduz xəstəliyi”nə yoluxduğuna dair iddialara da münasibət bildirib: “Mən bu müddətdə istirahət etmirdim. "Ulduz xəstəliyi"nə yoluxmamışdım. Bunu yaxın yoldaşlar da bilirlər. Cüzi zədələr olduğundan "Baku Fires"in heyətində WSB Liqasına da qatılmırdım”.

Titullu idmançının fikrincə, bir il döyüşməməsi boks üçün elə də böyük fasilə deyil. O, fiziki cəhətdən hazırlıqlı olduğunu deyib: “Düzdür, ilk döyüşü buraxmağım lisenziya şanslarını azaldır. Amma əlimdən gələn və özümdən asılı olan hər şeyi edəcəyəm ki, elə ilk mövsümdəcə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı qazanım. Rəqiblərlə rinqə döyüşü vaxtından tez başa vurmaq üçün çıxmıram. Sadəcə, zərbəm alınanda nokautla qalib gəlirəm”.

M.Məcidov həvəskarlar arasında dünya çempionatı və digər turnirlərdə olimpiadaya lisenziya şanslarının da olduğu halda, “AİBA Pro Boxing”ə qatılmasının səbəbini də açıqlayıb: “Bu layihə çox yaxşıdır. İlk lisenziya məhz peşəkar boksda olacaq. Bu amillər səbəbindən "AİBA Pro Boxing"ə qatılmağa qərar verdim”.

S.Verveyko da azərbaycanlı boksçu ilə döyüşə yaxşı hazırlaşdığını və M.Məcidovun əvvəlki döyüşlərini internet vasitəsilə izlədiyini söyləyib. O, qalib gələcəyinə inamını ifadə edib: “İnanıram ki, maraqlı döyüş olacaq və qalib gələcəyimə ümid edirəm”.

Qeyd edək ki, sabah “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək döyüş saat 19:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi