Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti ilk dəfə Bakıya gələcək

Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti ilk dəfə Bakıya gələcək O, Avropa Oyunlarına hazırlığın gedişi ilə də maraqlanacaq
Fərdi
31 Yanvar , 2015 15:56
Beynəlxalq Stolüstü Tennis Federasiyasının prezidenti ilk dəfə Bakıya gələcək

Bakı. 31 yanvar. REPORT.AZ/ Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF)  prezidenti Tomas Vaykert və Avropa Stolüstü Tennis İttifaqının başçısı Ronald Kramer Bakıya gələcək. "Report"un məlumatına görə, almaniyalı və hollandiyalı rəsmilər fevralın 6-da Milli Gimnastika Arenasında startı veriləcək Avropa Top-16 Kubokunu izləyəcəklər. 

Bu, T.Vaykertin ötən ilin sentyabrında İTTF-yə prezident seçildikdən sonra Azərbaycana ilk səfəri olacaq. Nüfuzlu qonaqlar Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, eləcə də gənclər və idman naziri Azad Rəhimovla birgə açılış mərasiminə qatılacaqlar. 18 ölkədən 32 kişi və qadın tennisçinin mübarizə aparacağı Top-16 Kubokunda 120-dək qonaq iştirak edəcək. T.Vaykert və R.Kramerin bir sıra rəsmi görüşlər keçirəcəyi, I Avropa Oyunlarına hazırlıq məqsədilə görülən işlərlə yaxından maraqlanacaqları gözlənilir.  

Qeyd edək ki, mini Avropa çempionatı da adlandırılan Top-16 Kubokun qitənin 16 kişi və 16 qadın stolüstü tennisçisi yarışacaq. Onların əksəriyyəti reytinqli idmançılar olacaq. Azərbaycana təşkilatçı ölkə kimi birbaşa təmsilçilik hüququ verilib. Qadınların mübarizəsində Məryəm İmanova, kişilərin yarışında isə Fərhad İsmayılov çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi