Nazir: "Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək"

Nazir: "Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək" Azad Rəhimov: "Azərbaycan bütün idman növlərində təmsil olunacaq"
Fərdi
12 May , 2016 13:51
Nazir: Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək

Bakı. 12 may. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün heç bir yeni idman qurğusu tikilməyəcək. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsinin (AISGOC) baş icraçı direktoru Azad Rəhimov açıqlama verib. 

O, Azərbaycan paytaxtında Oyunlar üçün kifayət qədər idman qurğusunun olmasını səbəb göstərib: "Bakı Tennis Akademiyası, "Sərhədçi" Olimpiya İdman Mərkəzi, Şüvəlanda yerləşən Ağır Atletika zalı, "Dalğa Arena" və "Bakcell Arena" kimi qurğulardan istifadə olunacaq. İşə 8000-ə yaxın könüllü cəlb olunacaq". 

Nazirin sözlərinə görə, Oyunların proqramına bir neçə yeni idman növü daxil edilib: "Xüsusən, zorxananı qeyd etmək istərdim. Zorxananın təbliği bizim marağımızdadır. Bu, çox populyar idman növüdür. Bir neçə İslam ölkələrində populyarlıq artır. Biz çalışacağıq ki, orada ən cəlbedici fəndləri nümayiş etdirək". 

A.Rəhimov Oyunlar çərçivəsində keçiriləcək futbol turnirində 8 ölkə yığmasının mübarizə aparacağını söyləyib: "Bu yarışlar böyüklərin arasında keçiriləcək. Müxtəlif fikirlər vardı. Bütün İslam Oyunlarında futbol çox populyar olub. Biz də istərdik ki, futbola maraq olsun və Oyunlarda tamaşaçıların sayı artsın. Amma hansı ölkələrin iştirak edəcəyi ilə bağlı məlumat yoxdur. Hələ seçimlər gedir". 

Paracüdo yarışının da olacağını deyən baş icraçı direktor mübarizənin 4 kateqoriyada aparılacağını vurğulayıb: "Azərbaycan ev sahibi olduğu üçün hər bir idman növündə çıxış edəcək". 

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək ölkələrin Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı ilə sabah toplantı keçiriləcək. Artıq 39 ölkə nümayəndəsi Bakıdadır. Onlar paytaxtla və idman qurğuları ilə tanış olacaqlar. 

Son xəbərlər

Orphus sistemi