Bakı. 18 dekabr. REPORt.AZ/ Bu gün Bakı Şəhər Halqasının 2016-cı ildə Azərbaycan paytaxtında keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi ilə əlaqədar növbəti mətbuat konfransını keçirib. "Report"un məlumatına görə, "Fairmont" hotelində baş tutan tədbirdə gənclər və idman naziri və Halqanın Əməliyyat Komitəsinin sədri Azad Rəhimov iştirak edib.
Əsas məqsəd Qran Pri biletlərinin satışa çıxarıldığını elan etməkdən ibarət olub. Nazir ilk olaraq, cari ildə ölkənin idman sahəsində qazandığı uğurlardan bəhs edib. A.Rəhimov Bakıda keçiriləcək Formula 1-ə marağın yüksək səviyyədə olduğunu deyib: "35 yaşadək gənclərin hamısı yarışın Azərbaycanda keçirilməsini dəstəkləyir. Əminik ki, bu Qran Pri çox maraqlı olacaq. Pilotlar 51 dəfə 6 km-lik məsafəni qət edəcəklər. 2 km-lik məsafədə "Formula 1" avtomobilləri maksimum sürətə - 340 km/saata çatacaq. 30 minədək bilet satılacaq və qiymətlər müxtəlifdir. Sabah saat 12:00-dan etibarən onlayn bilet satışına start veriləcək. Bütün Dənizkənarı Park böyük bir bayram məkanına çevriləcək. Burada əyləncə proqramları, konsertlər olacaq".
Nazir Qran Priyə xərclənən vəsaiti də açıqlayıb: "Yollarda aparılan işlər üçün 12 milyon manat civarında məbləğ təsdiqlənib. Bugünədək "Formula 1" üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyona yaxın xərclənib. Azadlıq Meydanında pit-stop üçün yer tikiləcək və bunun üçün də tender aparılır. Şəhər boyu baryerlər olacaq. Təxminən 3-4 aya büdcə formalaşanda açıqlama verəcəyik. Təxminən 30 min bilet satılacaq. Qiymətlər 19 manatdan başlayır. Azərbaycanlılar üçün bilet qiymətlərinə 40 faiz endirim olacaq. Bu isə yalnız Azərbaycan vətəndaşlarına aiddir".
"Bakılılar tıxacı sevmir. Bu səbəbdən, çalışmalıyıq ki, işimizi düzgün quraq. Gördüyümüz bütün işlər Azərbaycanı, ölkə idmanını tanıtmağa xidmət edir" - deyə, A.Rəhimov deyib.
Onun sözlərinə görə, ölkəyə gələn qonaqlar şəhərdə yerləşən hotellərdə, mehmanxanalarda rahat yerləşə biləcəklər: "Artıq qonaqlar üçün hotellərdə yerlər tutulub. "Bakı 2015" I Avropa Oyunlarında istifadə olunan Atletlər Kəndi də hazırdır. Hansısa turist, komanda oradan istifadə etmək istəsə bu mümkün olacaq".
Nazir bildirib ki, Formula 1 üçün beynəlxalq şirkət Azərbaycana heç nə ödəmir. A.Rəhimov Avropa Qran Prisində yerli komandanın olmayacağını deyib: "Komandaların rəhbərləri böyük şirkətlərdir. Hansısa şirkət, biznesmen istəsə, komandalar və ya idmançılarla müqavilə bağlaya bilər. Amma dövlətimizin belə bir planı yoxdur".
Qeyd edək ki, Avropa Qran Prisi 2016-cı ilin 17 - 19 iyununda Bakı küçələrində keçiriləcək.