Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 19-dan Tiflis Olimpiya İdman Kompleksində start götürən üzgüçülük üzrə Gürcüstan açıq qış çempionatı başa çatıb. Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verilib.
Üç gün davam edən birincilikdə ümumilikdə 3 ölkədən 200 idmançı qatılıb. Gürcüstan və Belarusun iştirak etdiyi bu qarşılaşmada Azərbaycan 7 oğlan və 3 qız olmaqla 10 üzgüçü ilə təmsil olunub.
Nazir İsmayılov 100 və 200 metr məsafədə arxası üstə 1-ci yerə, 50 metr məsafədə arxası üstə yarışlarda isə 2-ci yerə layıq görülüb. Ayxan Murad 50 metr brass üzmə üsülü üzrə 3-cü yerin, Mahmudzadə Nurlan isə 100 metr məsafədə arxası üstə 2-ci yerin, 50 və 200 metr məsafədə arxası üstə 3-ci yerin sahibi olub. Oğlan üzgüçülərdən Nikolay Pradov isə 200 metr məsafədə sərbəst üsulda üzmədə 1-ci yerə, 200 metr məsafədə sərbəst üsulda üzmədə isə 2-ci yerə layiq görülüb.
Oğlanlar arasında 4 dəfə 50 və 100 metr məsafəyə sərbəst üsulda estafet üzmədə Azərbaycan komandası 3-cü yerə layiq görülüb.
Azərbaycanlı üzgüçülərdən Ruslan Dünyamalıyev 200 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə sahib olub.
Qadın üzgüçülər də Gürcüstan açıq qış çempionatında yüksək nəticələr göstəriblər. İdmançılarımızdan Fatimə Alkərimova 100-400 metr məsafədə sərbəst üsul üzrə birinciliyin qalibi olub, 200 metr məsafədə qarışıq üsulla üzmədə 2-ci yerə, 50 metr baterfley üsulu ilə üzrə üzmədə isə 3-cü yerə layiq görülüb. Üzgüçülərimizdən Anna Andryuşenko 200 metrdə baterfley üsulu ilə üzmədə 1-ci yerin, 400 metr məsafədə isə qarışıq üzmə üsulunda 2-ci yerin, 400 metr məsafədə sərbəst üsul üzrə 3-cü yerin sahibi olub. İlahə Rəsulova da Tiflis turnirində yaxşı nəticələr göstərib. Belə ki, o, 200 metrdə baterfley üsulu ilə üzmədə 2-ci yerə, 100 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə layiq görülüb.