Vaqif Əliyev: "Star" zavodunun məhsullarının Azərbaycana gətirilməsi məsələsinə baxılmır"

Vaqif Əliyev: "Star" zavodunun məhsullarının Azərbaycana gətirilməsi məsələsinə baxılmır" Əgər bu məhsullar Azərbaycan bazarına gətirilərsə, yüksək qiymətlə satılar
Energetika
11 Yanvar , 2016 10:05
Vaqif Əliyev: Star zavodunun məhsullarının Azərbaycana gətirilməsi məsələsinə baxılmır

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində, Petkim yarımadasında inşa etdiyi "Star" neft emalı zavodunda istehsal olunacaq neft məhsullarının Azərbaycana da idxalına ehtiyac yaranacağı ehtimal olunmur. "Report" ANS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

"Əgər Egey bölgəsində istehsal olunan bu məhsullar Azərbaycan bazarına gətirilsə, maya dəyəri, daşınma xərcləri nəzərə alınaraq məhsullar yüksək qiymətlə satılar. Ona görə də SOCAR olaraq "Star" zavodunun məhsullarının Azərbaycan bazarına gətirilməsi məsələsinə baxmırıq", - deyə Sərmayələr İdarəsinin rəisi əlavə edib.

O qeyd edib ki, Azərbaycan bazarında ehtiyacı ödəmək üçün SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması üzərində işləyir: "Bu layihənin həyata keçirilməsi ilə ölkənin "Euro-5" standartına cavab verən benzinə olan tələbatının tam olaraq ödəniləcəyi gözlənilir".

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyədə fəaliyyətə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir.

"Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub.

Hazırda zavodda işlərin yarısı tamamlanıb. Zavodda ilk istehsala 2018-ci ilin mart ayında başlanacağı planlaşdırılır.

"Star" neft emalı zavodunun inşası layihəsinin ümumi investisiya dəyəri 5,6 mlrd. dollar təşkil edir. Bunun 2,4 mlrd. dolları SOCAR-ın öz resursları, qalan 3,2 mlrd. dolları isə banklar tərəfindən maliyyələşdirilir. Bu məqsədlə 23 xarici bankdan ümumilikdə 3,2 mlrd. dollarlıq vəsait təmin edilib. 18 illik ödəmə planı ilə Türkiyə real sektoru tarixinin ən böyük layihə maliyyələşdirməsi olan bu layihə, ABŞ, Yaponiya, Koreya, İspaniya və İtaliya "Eximbank"larının daxil olduğu konsorsium tərəfindən reallaşdırılır.

Son xəbərlər

Orphus sistemi