Bakı. 29 fevral. REPORT.AZ/ Bu ilin aprel ayında Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin maliyyə məsələsi həll olunacaq. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. O qeyd edib ki, hazırda bununla bağlı danışıqlar aparılır.
Nazir dünya bazarında baş verən böhranın layihələrin həyata keçirilməsində problem yaratmadığını bildirib: "Həm Azərbaycanın "Şahdəniz-2" layihəsinin maliyyələşdirilməsində, layihələrdə SOCAR-ın payının maliyyələşdirilməsində heç bir problem yoxdur. Bizim tərəfdaşlarımızın da çətinliyi yoxdur".
"SOCAR-ın TANAP və TAP layihələrində payı var. TANAP-da maliyyələşmənin əksər hissəsi həll edilib. Bazarda hansı hadisələr baş versə də, bu layihələr həyata keçiriləcək", - deyə N.Əliyev qeyd edib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, TAP layihəsinin icraçı direktoru Yan Bredşou isə bildirib ki, qaz kəmərinin inşasına artıq bu ilin ortasında Yunanıstanın Saloniki şəhərində başlanacaq.