​SOCAR-ın nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub

​SOCAR-ın nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub SOCAR və "E.ON" şirkətləri arasında bir neçə sənəd imzalanıb
Energetika
29 Aprel , 2015 18:01
​SOCAR-ın nümayəndə heyəti Almaniyada işgüzar səfərdə olub

Bakı. 29 aprel. REPORT.AZ/ Düsseldorf şəhərində (Almaniya) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "E.ON" şirkətləri arasında Əlaqələndirmə Komitəsinin II görüşü keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirin sonunda hər iki şirkət arasında 2015-ci il üçün “Texniki, peşə hazırlığı və korporativ sosial məsuliyyət sahələri üzrə, eyni zamanda Bakı Ali Neft Məktəbi ilə "RTWH Aachen" Universiteti arasında əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb.

"E.ON" şirkətinin icraçı direktoru Kristofer Delbrük SOCAR-la mövcud əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, rəhbərlik etdiyi şirkətdə həyata keçirilən struktur dəyişikləri haqqında məlumat verib. O, “E.ON”un artıq iki hissəyə bölündüyünü deyib.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrdən ətraflı söz açıb, Cənubi Qafqaz Qaz boru kəməri, TANAP və TAP layihələri haqqında məlumat verib, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Cənub Qaz Dəhlizi haqqında danışıb.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi haqqında danışıb, iki ölkələ arasında mövcud iqsadi-siyasi, mədəni münasibətlərin hazırki vəziyyəti və gələcək prespektivləri barədə məlumat verib.

“Azərkimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisənin fəaliyyəti, burada həyata keçirilən genişmiqyaslı modernləşdirmə işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, 2015-2019-cü illəri əhatə edən modernləşdirmə tədbirlərinin enerji istifadəsində səmərəliliyin və istehsalın artırılmasına səbəb olacağını deyib. Bundan başqa, M.Babayev Sumqayıt Kimya Parkı, Neft-Qaz və Neft-Kimya Kompeksi (OGPC) layihələri, Heydər Əliyev adına Neftayırma Zavodunun modernləşdirilməsi, Karbamid Zavodunun inşası, eləcə də Azərbaycanın kimya sənayesinin müasir durumu haqqında söz açıb.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək şirkətin həyata keçirdiyi Daxili Təqaüd Proqramı, Xarici Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi Proqramı, Təlim Mərkəzləri və Bakı Ali Neft Məktəbi haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, hazırda dünyada yaşanan neft mühəndisləri çatışmazlığını nəzərə alan SOCAR gənc mühəndis və peşəkar fəhlə kadrlarının hazırlığına daim diqqət yetirir. Xarici təqaüd proqramı çərçivəsində azərbaycanlı gənclərdən 22 nəfəri Almaniyada təhsil alıb, onlardan 8 nəfəri Aaxen Univerisetindən məzun olub. Görüşdə SOCAR və “E.ON” şirkətləri arasında insan resurslarının idarə olunması sahəsi üzrə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, ötən il SOCAR-da çalışanların məktəbli uşaqlarının Almaniyada yay düşərgəsində iştirak etməsi, bu il isə İnsan Resursları Departamentinin 5 məsul işçisinin “E.ON”a ixtisas artırma kursuna göndəriləcəyi və bu yay “E.ON” şirkətinin əməkdaşlarının məktəbli uşaqları üçün Azərbaycanda yay düşərgəsinin təşkil olunacağı qeyd olunub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyət istiqamətləri haqqında məlumat verib, burada Böyük Britaniyanın Harriot Vat Universiteti ilə birgə “Neft mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının tədris olunduğunu diqqətə çatdırıb. O, "RTWH Aaxen" Universiteti ilə “Yenilənə bilən enerji mühəndisliyi” və “Yenilənə bilən enerji mərkəzinin qurulması” sahələri üzrə mümkün əməkdaşlıq potensialının mövcudluğundan danışıb, həmin sahələr üzrə əməkdaşlığın müsbət nəticələnəcəyinə inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi