​SOCAR-da Tatarıstanın nümayəndə heyəti ilə görüş olub

​SOCAR-da Tatarıstanın nümayəndə heyəti ilə görüş olub Qonaqlar Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti və əməkdaşlıq perspektivləri haqqında təqdimatla çıxış ediblər
Energetika
13 Aprel , 2015 16:43
​SOCAR-da Tatarıstanın nümayəndə heyəti ilə görüş olub

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev görüşdə R.Zaripovun 2013-cü ilin sonunda Bakıya səfərini xatırladıb və həmin görüşdən sonra SOCAR-la Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da zənginləşdiyini qeyd edib.

Qəbul üçün təşəkkürünü bildirən qonaq Tatarıstanın neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, Tatarıstan iqtisadiyyatında mühüm yer tutan neft-qaz sənayesinin SOCAR-ın müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlı olduğunu söyləyib.

“Tatneftkimyainvestisiya” Holdinqi, Buqulma elektrik nasosları zavodu, neft-qaz maşınqayırma sektorunda lider olan QMS qrupunun nümyəndələri Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.

SOCAR prezidenti R.Abdullayev şirkətin, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, “Polimer” zavodunun inşa edilməsi və digər iritutumlu layihələrindən ətraflı bəhs edərək, Azərbaycanda əlverişli investisya mühitinin yaradıldığını vurğulayıb və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi