​SOCAR-da Sudan nümayəndə heyəti ilə görüş keçirilib

​SOCAR-da Sudan nümayəndə heyəti ilə görüş keçirilib O, Azərbaycanın neft hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin öyrənilməsinə ölkəsində ehtiyac olduğunu vurğulayıb
Energetika
18 Mart , 2015 18:46
​SOCAR-da Sudan nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə ölkəmizdə səfərdə olan Sudanın xarici işlər naziri Əli Əhməd Kartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Xoşbəxt Yusifzadə Azərbaycan və Sudan arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsində bu cür səfərlərin mühüm rol oynadığını qeyd edib.

O, Azərbaycanın qədim neft ölkəsi olduğunu, dünya neft-qaz sənayesinin inkişafında mühün rol oynadığını, Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi və bu strategiya çərçivəsində regional əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi haqqında məlumat verib.

X.Yusifzadə Azərbaycanda hasil olunan karbohidrogenlərin dünya bazarlarına çıxarılması məqsədi ilə qısa müddətdə şaxələndirilmiş neft və qaz kəmərləri sisteminin yaradılmasından söz açıb, ölkəmizin indi təkcə neft deyil, həm də təbii qaz ixracatçısı kimi tanındığını söyləyib.

Sudanın xarici işlər naziri Əli Əhməd Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, onların işlənilməsi sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib, SOCAR-ın ekspert və mütəxəssislərinin Sudanla bu sahədə təcrübələrini bölüşməsinə maraq göstərdiklərini söyləyib.

O, Azərbaycanın neft hasilatı və ixracı sahəsində zəngin təcrübəsinin öyrənilməsinə ölkəsində ehtiyac olduğunu vurğulayıb.

Görüşdə enerji sektorunda ölkələrarası əməkdaşlığın inkişafı üçün böyük imkanların mövcudluğu qeyd olunub və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi