SOCAR: "Azneft"də tətbiq olunan yeni texnoloji üsullar müsbət nəticələr verib

SOCAR: "Azneft"də tətbiq olunan yeni texnoloji üsullar müsbət nəticələr verib Birliyin idarələri yeni reagentləri mədən və laboratoriya sınaqlarından çıxarıb
Energetika
31 Mart , 2016 11:59
SOCAR: Azneftdə tətbiq olunan yeni texnoloji üsullar müsbət nəticələr verib

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlardan istifadə olunur. Uzun illər istismarda olan avadanlıqların mühafizəsi üçün yeni reagent və texnologiyalar işlənib hazırlanır, müxtəlif texnoloji üsulların tətbiqi müsbət nəticələr verir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, cari ilin əvvəlindən başlayaraq Birliyin idarələrində BSA-906 və BSA-512 tipli reagentlər mədən və laboratoriya sınaqlarından çıxarılıb.

"Bu reagentlərdən neftin deemulsasiyasında-susuzlaşdırılmasında və duzsuzlaşdırılmasında uğurla istifadə olunur. Mədəndaxili neft boru kəmərlərində duzlaşmanın qarşısını alan başqa bir reagent ilk dəfə “Bibiheybət” NQÇİ-dəki mədəndaxili neft boru kəmərlərində tətbiq edilib və müsbət nəticə alınıb", - deyə xəbərdə bildirilib.

Qeyd olunub ki, əvvəllər mədəndaxili neft boru kəmərlərində duz kristallarının əmələ gəlməsi səbəbindən kəmərlər ya vaxtaşırı dəyişdirilir, ya da demontaj edilərək xüsusi yerlərə aparılıb və duz kristallarından təmizlənib: "Reagentin tətbiq olunmasından sonra bu məsələ öz həllini tapıb".

Bildirilib ki, gələcəkdə tələbat yaranacağı təqdirdə bu üsuldan digər istehsalat obyektlərində də istifadə olunması nəzərdə tutulur. Buna bənzər digər xüsusi reagent quyudibində duzlaşmanın qarşısının alınması məqsədi ilə “Siyəzənneft” NQÇİ-də tətbiq edilib. NQÇİ-də əvvəllər duzlaşmanın qarşısını almaq üçün həftədə bir dəfə quyudibinə xlorid turşusu vurulurdu. Yeni üsulun tətbiqindən sonra xlorid turşusunun vurulması dayandırılıb, quyuların təmirlərarası müddəti dəfələrlə artıb.

Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi