Səfir: "Macarıstan cənubdan qazın əldə edilməsində maraqlıdır"

Səfir: "Macarıstan cənubdan qazın əldə edilməsində maraqlıdır" İmre Lasloski: "Cənub Qaz Dəhlizi nəhəng funksiyaya malikdir ki, buna da layihənin təşəbbüskarı olan Azərbaycan sayəsində nail olunub"
Energetika
6 May , 2016 14:16
Səfir: Macarıstan cənubdan qazın əldə edilməsində maraqlıdır

Bakı. 6 may. REPORT.AZ/ Macarıstan tədarük mənbələrini diversifikasiya etməyə çalışır və cənub istiqamətindən də qazın əldə olunmasına maraq göstərir. Xəzər Avropa Klubundan (Caspian European Club, CEİBC) "Report"a verilən məlumata görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Lasloski "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərlik etdiyi "Caspian Energy"nin nümayəndə heyətini qəbul edərkən bildirib.

Səfirin sözlərinə görə, enerji təhlükəsizliyi Macarıstan üçün bir nömrəli problemdir: “Biz enerji daşıyıcılarının 53%-ni idxal edirik. O cümlədən, sərf olunan qazın 80%-i Rusiyadan daxil olur”.

İ.Lasloskinin fikrincə, bununla əlaqədar Macarıstan tədarük mənbələrini şaxələndirməyə çalışır və cənub istiqamətindən də qazın əldə olunmasında maraqlıdır.

“Ümidvarıq ki, cənub istiqamətindən də interkonnektor vasitəsilə qaz əldə edəcəyik. Bir çox ölkələr ümidini bu qaza bağlayıb, lakin "Cənub Qaz Dəhlizi"nin (CQD) əsl mahiyyəti gələcəkdə ona İran və Mərkəzi Asiya ölkələrindən də qazın qoşulmasının mümkünlüyündən ibarətdir. CQD nəhəng funksiyaya malikdir ki, buna da həmin layihənin təşəbbüskarlığını öz üzərinə götürən Azərbaycan sayəsində nail olunub. Bu addımı təkcə Macarıstan deyil, öz tədarük mənbələrini diversifikasiya etməkdə maraqlı olan bütün Avropa dövlətləri yüksək qiymətləndirir”, - deyə səfir vurğulayıb.

İkitərəfli əlaqələrdən bəhs edən diplomat qeyd edib ki, Azərbaycan və Macarıstanın iqtisadiyyatı “tranzit mərhələsi”ni, yəni bazar iqtisadiyyatına keçid dövrünü yaşayır. Onun sözlərinə görə, bu iki ölkə qarşısında yaranan problemlər də eynidir. Səfirin fikrincə, bu baxımdan Macarıstan və Azərbaycan bir-biri üçün faydalı ola bilər.

Səfir Azərbaycanda investisiya mühitini müsbət qiymətləndirib: “Liderlərimiz arasında böyük etimad yaranıb. 2013-cü ildən etibarən iki dövlət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. 2014-cü ildə Prezident İlham Əliyevin Budapeştə səfəri zamanı strateji tərəfdaşlıq barədə saziş imzalanıb. Macarıstanın baş naziri Viktor Orbanın bu yaxınlarda baş tutan səfəri zamanı isə tərəflər hər il mütəmadi olaraq görüşmək və fikir mübadiləsi aparmaq barədə razılıq əldə edib”.

“Əməkdaşlığı hansı istiqamətlər üzrə genişləndirəcəyimizi müəyyənləşdirmək mühüm məqamlardandır. Mənim arzum İKT-nin inkişafı üçün ortaq investisiya fondunun yaradılmasıdır. Macarıstanın bu sahədə irəli sürə biləcəyi maraqlı təklifləri var. Sözügedən bazarın Hindistan, Rusiya, ABŞ, Kanada, Fransa və s. kimi nəhəng iştirakçıları ilə yanaşı, biz də öz xidmətlərimizi həmin səviyyədə, lakin daha sərfəli qiymətlərlə təklif edə bilərik. Bu yaxınlarda Macarıstanın hökumət başçısının Bakıya səfəri zamanı həmin istiqamətdə ilk addımlar atılıb”, - deyə İ.Lasloski bildirib.

Bundan əlavə, Macarıstan ortaq layihələrin maliyyələşdirilməsi məqsədilə "Eximbank" vasitəsilə 200 mln. ABŞ dollarından artıq məbləğdə kredit xətti açıb: “Biz ortaq müəssisələrin yaradılmasını məqsədəuyğun və faydalı hesab edir, Azərbaycan şirkətləri ilə birgə işləməyin daha etibarlı olduğunu düşünürük”.

Görüş zamanı "Caspian European Club" və "Caspian Energy International Media Group" çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına da toxunulub.

Görüşün sonunda İ.Lasloski “Caspian Energy” jurnalına müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli münasibətlərin, eləcə də iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, o cümlədən turizm sektoru və enerji əməkdaşlığından da bəhs edib.

Son xəbərlər

Orphus sistemi