"Şahdəniz" konsorsiumu iki yeni müqavilə imzalayıb - YENİLƏNİB

"Şahdəniz" konsorsiumu iki yeni müqavilə imzalayıb - YENİLƏNİB Bu müqavilələrin ümumi dəyəri 226 mln. dollardır
Energetika
18 Noyabr , 2014 17:49
Şahdəniz konsorsiumu iki yeni müqavilə imzalayıb - YENİLƏNİB

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi çərçivəsində "Şahdəniz" konsorsiumu Niderlandın “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə iki müqavilə imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 226 mln. ABŞ dolları təşkil edir.

"Report"un "BP-Azerbaijan" şirkətinə istinadən verdiyi məlumata görə, bu müqavilələr üzrə işlərə "Şahdəniz-2" işlənməsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi olan “Caspian Pipe Coatings” (CPC) zavodununun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri həmin müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçinin cəlb olunacağı gözlənilir.

Örtükləmə işlərinə CPC zavodundakı modernləşdirmə işləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlanması nəzərdə tutulub. Mərhələ-2 üzrə ilk qazın əldə edilməsi qrafikinə əməl etmək üçün ilk öncə 2015-ci ilin II rübünədək 16 düymlük kəmər borularının örtüklənərək borudüzmə işlərinə hazır olması, oktyabr ayına qədər 32 düymlük kəmər borularının örtüklənməsi işlərinin başa çatdırılması planlaşdırılır.

BP-nin "Şahdəniz-2" proqramı üzrə vitse-prezidenti Yuan Dramond qeyd edib ki, əsas mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə müqavilələrin əksəriyyəti artıq imzalanıb və Mərhələ-2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri qrafikə uyğun davam edir.

"Artıq təxminən 9,6 mlrd. dollar dəyərində müqavilələr imzalanıb, Azərbaycan və Gürcüstan ərazisində bir çox tikinti sahələrində işlər başlanıb. Azərbaycanda dayaq blokları və üst modulların tikinti-quraşdırma sahələrində, habelə terminalın genişləndirilməsi sahəsində aparılan işlər irəliləyir. Məmnunam ki, bütün tikinti sahələrində aparılan işlərdə əməyin təhlükəsizliyi üzrə davamlı öhdəlik əsas diqqət mərkəzindədir. Dayaq bloklarının inşa edildiyi Bakı Dərin Özüllər Zavodu artıq heç bir xəsarətə yol vermədən 1 mln. adam/saat, ATA (AMEC-Tekfen-Azfen) tikinti quraşdırma sahəsi isə 2 mln. adam/saat göstəricisinə nail olub", - deyə Y.Dramond bildirib.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Xəzər dənizində yerləşən nəhəng "Şahdəniz" yatağından ildə 16 mlrd. kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3 500 km-lik boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilə nəzərdə tutulub, Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi