"Petkim Holding"in ilin sonuna proqnozları müsbətdir

"Petkim Holding"in ilin sonuna proqnozları müsbətdir "Petkim"in səhmlərinin dəyəri 5 illik maksimuma çatıb
Energetika
10 Sentyabr , 2016 14:53
Petkim Holdingin ilin sonuna proqnozları müsbətdir

İzmir.10 sentyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi "Petkim Petrokimya Holding A.Ş"nin bu il üzrə proqnozları müsbətdir. "Report" xəbər verir ki, bu barədə İzmirdə Azərbaycan KİV-i ilə görüşdə "Petkim"in baş direktoru Anar Məmmədov bildirib. O qeyd edib ki, bu ilin yanvar-iyul ayları ərzində rekord göstəricilərə nail olunub: "Həm ümumi gəlir, həm xalis gəlir, həm də EBİTA (faiz, vergi, amortizasiya xərcləri öncəsi gəlirlər) göstəricilərində rekord qeydə alınıb. Bu baxımdan "Petkim"in tarixində ən uğurlu ildir. İstanbul Birjasının göstəricilərində də qeyd olunduğu kimi "Petkim"in səhmlərinin dəyəri 5 illik maksimuma çatıb. Bu da investorların "Petkim"ə inamını, etimadını göstərir".

A.Məmmədov "Petkim"in çox parlaq gələcəyi olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, istehsal olunan məhsulların böyük hissəsi Türkiyənin daxili bazarında satılır, eyni zamada 30-dan çox ölkəyə ixrac həyata keçirilir. 

"Petkim Holding"in baş direktor müavini Nihad Gürbüz isə bildirib ki, "Petkim" neft-kimya kompleksinin ən böyük fabriki olan Etilen fabrikinin istehsal gücü 13% artırılıb. Onun sözlərinə görə, bunun üçün isə 70-80 mln. avro xərclənib. "Bu gücün artırılması iqtisadi baxımdan çox gəlirli sərmayədir və builki göstəricilərdə də müsbət nəticəsini aldıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə sənayesinin inkişafındakı qabaqcıl təşkilatlardan biri olan "Petkim Petrokimya A.Ş." 1951-ci ildə 250 mln. TL sərmayə ilə qurulub.

Türkiyə sənayesinin başlıca xammal istehsalçısı olan "Petkim" plastik məmulatlardan qablaşdırma məmulatlarına, boya istehsalından kosmetika məmulatlarına və eləcə də inşaat sektorunun inkişafına da liderlik edir.

2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda "Petkim"in əsas səhmdarı SOCAR olub.

Petkim Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili (təsis), bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır. Bu kompleks və ölkə daxilindəki ofislərdə ümumiləkdə 2443 nəfər iş ilə təmin olunub. Bundan əlavə "Petkim"kompleksi nəzdində müxtəlif xidmətlər verən firmalarda da təxminən 2000 işçisi var. 

Kompleksdə Etilen istehsalı 582 min ton təşkil edir. Etilen əsaslı istehsal edən neft-kimya şirkətlərinin tutumları isə bu istehsal böyüklüyünə görə müəyyənləşdirilir. Bu nöqteyi nəzərdən Petkim dünyada 33-cü yeri tutur.

Son xəbərlər

Orphus sistemi