Payızda Cənub Qaz Dəhlizi layihəsinə xaricdən iri kreditlərin cəlb edilməsinə başlanacaq

Payızda Cənub Qaz Dəhlizi layihəsinə xaricdən iri kreditlərin cəlb edilməsinə başlanacaq Bu ilin sonuna kimi 1,5 mlrd. dollarlıq istiqrazların yerləşdirilməsi planlaşdırılır
Energetika
11 May , 2016 12:58
Payızda Cənub Qaz Dəhlizi layihəsinə xaricdən iri kreditlərin cəlb edilməsinə başlanacaq

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin sentyabr-oktyabr aylarında Cənub Qaz Dəhlizi layihəsinin icrası üçün Avropa İnvestisiya Bankı və Asiya İnkişaf Bankından kreditlərin cəlb edilməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

R.Abdullayev xatırladıb ki, "Cənub Qaz Dəhlizi" QSC bu il 1 mlrd. dollar həcmində dövlət zəmanətli istiqrazlar yerləşdirib. R.Abdullayev bu ilin sonuna istiqrazlar əsasında 1,5 mlrd. dollar həcmində vəsaitin cəlb ediləcəyini bildirib.

SOCAR prezidenti Cənub Qaz Dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsi üçün banklarla danışıqlar aparıldığını, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə müzakirələrin davam etdiyini vurğulayıb: "Ümumilikdə, QSC tərəfindən Cənub Qaz Dəhlizi layihələrinə 7 mlrd. dollara qədər uzunmüddətli, aşağı faizli kreditlərin cəlb edilməsi planlaşdırılır".

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılan, səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Son xəbərlər

Orphus sistemi