Milli Məclis bir sıra neft yatağının işlənməsi ilə bağlı qanun layihəsini qəbul edib

Milli Məclis bir sıra neft yatağının işlənməsi ilə bağlı qanun layihəsini qəbul edib Podratçı blokun bərpası və hasilat planı layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə verməlidir
Energetika
14 İyun , 2016 14:19
Milli Məclis bir sıra neft yatağının işlənməsi ilə bağlı qanun layihəsini qəbul edib

Bakı. 14 iyun. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasında "Muradxanlı", "Cəfərli" və "Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinə baxılıb. 

"Report"un xəbərinə görə, layihə barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verərək bildirib ki, sazişin müddəti 25 ildir, əlavə 5 il də uzadıla bilər.

Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, qanun sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Sazişə əsasən, 5 il sonra fəhlələrin 95 faizi, mühəndislərin 90 faizi Azərbaycan vətəndaşları olmalıdır.

Podratçı tərəflər kontrakt sahəsində karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan maliyyə vəsaitini təmin etmək öhdəliyini üzərinə götürürlər.

Sazişin qüvvəyə minmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilat planı layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir.

Bərpa və hasilat proqramı alındıqdan sonra 60 gün ərzində SOCAR yazılı şəkildə podratçıdan bu proqrama hər hansı dəyişikliyin edilməsini tələb etmirsə, proqram təsdiq olunmuş sayılır.

Sənəddə, həmçinin torpaqdan və obyektlərdən istifadə, podratçının neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi və hasilatın bölüşdürülməsi, vergi qoyulması, karbohidrogenlərin dəyərinin müəyyən edilməsi, əmlaka sahiblik və ondan istifadə, mühasibat uçotunun aparılması, ətraf mühitin mühafizəsi və təhlükəsizlik, idxal, ixrac məsələləri ilə bağlı müddəalar əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi