İran, İsrail və Kipr TANAP-a qoşula bilər - YENİLƏNİB-2

İran, İsrail və Kipr TANAP-a qoşula bilər - YENİLƏNİB-2 Nazir Natiq Əliyev: "Bu ölkələr TANAP kəmərindən istifadə etməklə öz qazını Avropaya çıxara biləcəklərini deyir"
Energetika
3 İyun , 2015 11:55
İran, İsrail və Kipr TANAP-a qoşula bilər - YENİLƏNİB-2

İlk xəbər saat 09:32-də dərc olunub.

Bakı. 3 iyun. REPORT.AZ/ Perspektivdə İran, İsrail və Kiprdə hasil olunan təbii qazın Trans-Anadolu boru kəməri vasitəsi ilə Avropa bazarına çıxarılması mümkündür. 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan Xəzər neft-qaz beynəlxalq konfransında çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

*** 09:42

Nazir İranın TANAP-a qoşula biləcəyini xüsusi vurğulayıb: "İran regionda böyük potensialı olan bir ölkədir. Əgər proseslər belə davam edərsə, İran TANAP-a qoşula və öz qazını Avropaya çıxara bilər. Həmçinin İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Türkiyə ərazisində Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyir".

Bununla yanaşı N.Əliyev ABŞ hökuməti və Avropa İttifaqının daim bu layihəni dəstəklədiyini qeyd edib: "Biz dəfələrlə görmüşük ki, ABŞ Azərbaycanın enerji layihələrini dəstəklədiyini elan edib. Avropa İttifaqı da Azərbaycanın və digər Xəzəryanı ölkələrin neft-qaz layihələrini dəstəkləyir. Cənab Maroş Şefçoviç tez-tez bizim tədbirlərdə iştirak edir, daim bizi dəstəklədiyini göstərir və Türkmənistan qazının Avropaya nəqli üçün də dəstəyini əsirgəmir".

*** 11:55

N.Əliyevin sözlərinə görə, hazırda Avropa enerji resursları çatışmazlığından ciddi narahatdır: "Buna səbəb Ukrayna ilə Rusiya arasındakı münaqişədir. Çünki Rusiya Avropa ölkələrinə enerji resursları tədarük edən əsas ölkədir. Dünyada enerji resurslarına olan tələbat günü-gündən artır və bu artımın davam edəcəyi gözlənilir".

Nazir bildirib ki, dünyada alternativ enerjinin istehsalının artmasına baxmayaraq, neft və qaza olan tələbat da artır: "Bu səbəbdən Azərbaycan enerji resursları baxımından Avropa üçün böyük potensiala malikdir. Ölkəmiz Orta Asiya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi