​Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyəti artır - İCMAL

​Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyəti artır - İCMAL Rusiyanın qaz ixracı imkanlarının məhdudlaşması Qərbin sanksiyalarının davamı kimi qiymətləndirilir
Energetika
9 İyul , 2015 13:39
​Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyəti artır - İCMAL

Bakı. 9 iyul. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC-nin törəmə qurumu olan "South Stream Transport" şirkəti "Türk axını" qaz boru kəmərinin inşası layihəsinin ilk hissəsinin tikintisi üçün İtaliyanın "Saipem" şirkəti ilə olan anlaşmasını ləğv edib. Qərarın "Türk axını" layihəsinin həyata keçirilməsi zamanı "kommersiya və çalışma prinsipləri barədə razılaşmanın əldə olunmaması" səbəbi ilə bağlı olduğu bildirilir.

"Report"un verdiyi xəbərə görə, "Türk axını" layihəsi bu ilin yanvarında Rusiya və Türkiyə arasında razılaşdırılıb. Bundan bir qədər əvvəl, 2014-cü ilin dekabrında isə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın birgə keçirdikləri mətbuat konfransında "Cənub axını" layihəsinin ləğv olunduğu bildirilib. Səbəb olaraq isə V.Putin "Cənub axını" qaz xətti layihəsinə Avropa İttifaqının (Aİ) zəmanət verməməsini göstərib. Elə bu açıqlamalarla birlikdə "Mavi axın" xəttinin genişləndirilməsi qərara alınıb.

Hazırda isə bu xətlərdən ancaq Rusiyadan Türkiyəyə uzanan "Mavi axın" xətti aktivdir. "Cənub axını" və "Türk axını" xətlərinin fəaliyyəti isə qeyri-real görünür. Bununla bərabər, Ukraynanın iyulun 1-dən etibarən Rusiyadan qaz alışı və tranzitini dayandırıb, Rusiyanın Avropaya qaz satışı isə minimuma enib.

Qeyd edək ki, bir qədər əvvəl Kreml Ukraynadan 2019-cu ildən sonra tranzit qaz ixracını dayandırmaq qərarından vaz keçdiyini bildirib. "Qazprom" rəhbəri Aleksandr Miller açıqlamasında Rusiya prezidentinin ona 2019-cu ildən sonra da Ukraynadan qaz tranzitini davam etdirmək üçün danışıqlar aparmaq göstərişi verib. Xatırladaq ki, iyun ayının əvvəlində V.Putinin bu barədə heç düşünmək fikri belə olmayıb.

Ukrayna tərəfi isə öz növbəsində 2019-cu ildə yenilənəcək kontraktda tranzitdən əldə olunan mənfəəti hər 1 000 kub metr qaz üçün 5 dollara yüksəltmək istəyir. Qeyd edək ki, hazırda Ukraynanın rus qazının tranzitindən mənfəəti 2,7 dollar/1000 kubmetrdır. Öz növbəsində "Qazprom" rəhbəri bu şərtin qəbulunun Rusiya tərəfi üçün imkansız olduğunu bildirib.

Hazırda Rusiya Avropaya ancaq "Şimal xətti" ilə qaz saştışını həyata keçirir. Keçən ay Sankt-Peterburq Forumunda "Qazprom" şirkəti "Şimal axını" qaz xəttinin üçüncü və dördüncü qollarının təqdimatını keçirib. Yeni qaz xətləri inhisarçı və partnyorlara 9,9 mlrd. avroya başa gələcəyi bildirilir. Forumda yeni qaz kəmərinin çəkilməsi də planlaşdırılıb. "Reuters"ə müsahibəsində "Qazprom"un rəhbəri A.Miller qaz xəttinin 1,2 min km uzunluğunda olacağını, Sankt-Peterburq yaxınlığında Ust-Luqa limanından başlayaraq "Şimal axını" xəttinin Almaniya ərazisində birinci və ikinci giriş nöqtələrinə qədər uzanacağını deyib.

Nəticədə, Rusiya hazırda ancaq "Şimal xətti" ilə qaz ixracını həyata keçirə biləcək kimi görünür. Digər qaz ixrac boru kəməri layihələrinin həyata keçirilə bilməməsi məhz Rusiya-Ukrayna böhranı ilə əlaqədardır, məhdudiyyətlər isə məhz sanksiyalkarın davamı kimi düşünülə bilər.

Avropanın qazla təminatı probleminin həlli üçün isə Azərbaycan qazı önəm qazanmağa başlayıb və Cənub Qaz Dəhlizi layihəsi meydana çıxan proseslər çərçivəsində ən real variant kimi görünür. İran üzərindən sanksiyalar götürüldükdən sonra isə İran qazı da TANAP xəttinə qoşula bilər. Hazırda isə İran və "6-lıq" ölkələri arasında danışıqlar gedir və prosesin bir müddət uzanması ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi