Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasında iştirak edəcək qonaqların adları açıqlanıb

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasında iştirak edəcək qonaqların adları açıqlanıb Tədbirin yekununda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyanat imzalanacaq
Energetika
26 Fevral , 2016 17:33
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakı iclasında iştirak edəcək qonaqların adları açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 29-da Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası keçiriləcək. "Report"un Energetika Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, toplantıda Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Dəvət məktubu göndərilən hökumət rəsmiləri arasında Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skourletis, Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi, bu ölkənin Nazirlər Şurası Rəyasət Heyətinin icraçı katibi Klaudio de Vinsenti, Monteneqronun iqtisadi inkişaf naziri Vladimir Kavariç, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Serbiyanın mədənçıxarma və energetika naziri Aleksandr Antiç, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak və başqaları var. Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, həmçinin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç də iclasa qatılacaq.

Məşvərət Şurasının Bakı iclasına həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti, AYİB-in icraçı direktoru Rikkardo Puliti, Dünya Bankının prezidenti Cim Yon Kim, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Kiril Müller, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao, AİB-in baş direktoru Tod Friland, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) icraçı vitse-prezidenti və baş icraçı direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Efiopis Tafara, Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer, Bankın Cənubi Qafqaz üzrə vitse-prezidenti Laslo Baranya, TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Yan Bredşou da dəvət edilib.

Şuranın iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Tədbirin yekununda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyanat imzalanacaq.

Nazirlikdən verilən məlumata görə, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əhəmiyyətli rol oynayır: "Bu layihə yeni qaz tədarükü marşrutunun mənbələrinin şaxələndirilməsinə və yeni alternativ marşrutlar açmağa imkanlar yaradır. Ona görə də Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması dünya ölkələrinin diqqət mərkəzində olmaqla yanaşı, yaranmış yeni vəziyyətdə layihəyə cəlb edilmiş ölkələrin koordinasiyalı fəaliyyətini zəruri edir. Bu baxımdan, Məşvərət Şurasının II iclası dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin kəskin düşməsi ilə müşayiət olunan yeni iqtisadi vəziyyətin Cənub Qaz Dəhlizi layihəsinə təsirlərinin, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə maliyyələşmə məsələlərinin və s. müzakirəsinə şərait yaradacaq. Eyni zamanda, ötən bir il ərzində layihənin həyata keçirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılacaq, layihənin hər bir hissəsi barədə hesabatlar təqdim olunacaq və növbəti tədbirlər birgə müəyyənləşdiriləcək".

"ABŞ və Avropanın tədbirdə yüksək statusda təmsil olunması bu nəhəng layihəyə diqqətin göstəricisi olmaqla yanaşı, həm də siyasi dəstəyi də təmin etmiş olacaq. Məşvərət Şurasının budəfəki toplantısı həm də TAP layihəsinin reallaşdırılmasında qarşıya çıxan çətinliklərin, fikir ayrılıqlarının aradan qaldırılmasına da töhfə vermiş olacaq", - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasınin yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ilk iclası ötən il fevralın 12-də keçirilib.

Son xəbərlər

Orphus sistemi