Bu ilin ilk üç rübündə "Şahdəniz" yatağından 7,2 mlrd. kubmetr qaz hasil olunub

Bu ilin ilk üç rübündə "Şahdəniz" yatağından 7,2 mlrd. kubmetr qaz hasil olunub Yataqdan hasil olunan kondensatın həcmi 1,7 mln. tona çatır
Energetika
30 Noyabr , 2015 17:34
Bu ilin ilk üç rübündə Şahdəniz yatağından 7,2 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində "Şahdəniz" qaz-kondensat yatağından 7,2 mlrd. kubmetr qaz və 1,66 mln. ton (təqribən 13,4 mln. barel) kondensat hasil edilib. "Report" xəbər verir ki, bu barədə yatağın operatoru olan "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, mövcud "Şahdəniz" qurğularının gündəlik hasilat gücü hazırda 29,5 mln. kubmetr və ya ildə təqribən 10 mlrd. kubmetrdir.

"Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında "Şahdəniz" platforması, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilib.

"Plana əsasən, "Şahdəniz" platformasından hasilat təxminən 20 gün ərzində dayandırılıb ki, nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Təhlükəsiz şəkildə başa çatdırılan bu proqram "Şahdəniz" obyektlərinin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan hasilat və ixrac əməliyyatlarını davam etdirə bilməsi üçün planlaşdırılıb", - "BP-Azerbaijan" şirkətindən qeyd olunub.

"Şahdəniz" yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib.

Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun 50-500 metr dərinliyində, Xəzər dənizinin şelf zonasında yerləşir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də SOCAR və xarici şirkətlər arasında imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 4 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 1999-cu ilin may ayında isə "Şahdəniz" qaz-kondendat yatağının ehtiyatları kəşf olunub.

Xatırladaq ki, "Şahdəniz" layihəsində BP (operator – 28,8%), AzŞD (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİCO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi