​"Bloomberg": Neft Rusiya rəsmilərinin bəyanatları səbəbindən ucuzlaşır

​"Bloomberg": Neft Rusiya rəsmilərinin bəyanatları səbəbindən ucuzlaşır Dünya neft bazarında təklifin tələbi üstələməsi tendensiyasının davam edəcəyi gözlənilir
Energetika
8 Sentyabr , 2015 17:27
​Bloomberg: Neft Rusiya rəsmilərinin bəyanatları səbəbindən ucuzlaşır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkətinin prezidenti İqor Seçinin bəyanatından sonra dünya bazarında neftin qiyməti kəskin azalıb. "Bloomberg" agentliyinin ekspertləri hesab edirlər ki, sentyabrın 7-də İ.Seçinin Rusiyanın OPEC-ə qoşulmasının mümkün olmadığını deməsi neftin qiymətini kəskin aşağı salıb. "Rosneft" prezidenti bu açıqlamanı Sinqapurda keçirilən "FT Commodities" konfransında verib.

"Report"un verdiyi xəbərə görə, "Bloomberg" hesab edir ki, İ.Seçinin bu açıqlamasının arxasında RF-nin baş nazirinin müavini Arkadiy Dvorkoviçin keçən həftə Rusiyanın neft hasilatını süni şəkildə azaltmayacağı barədə bəyanatı durur. Bu da dünya bazarında neft təklifinin tələbi üstələyəcəyi tendensiyasının davam edəcəyini göstərir. Bununla yanaşı qeyd olunur ki, neftin qiymətinin kəskin azalmasına digər səbəb kimi Çin fond birjasındakı növbəti, 2,6%-lik geriləmə amili də göstərilir. Qeyd edək ki, Çin neft istehlakında dünya lideri olduğu üçün bu ölkədəki iqtisadi yavaşlama neftin qiymətinə ciddi təsir edir.

İsveçin "SEB AB" bankının baş analitiki Byarn Şildrup hesab edir ki, dünən Rusiya tərəfinin açıqlamasından sonra azalan neft qiymətləri ancaq ABŞ-dan qazma qurğularının sayının azalması barədə gələcək göstərici ilə yenidən yüksələ bilər.

Xatırladaq ki, dünən, sentyabrın 7-də WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 3,27% azalaraq 44,54 dollara düşüb. "Brent" markalı neftin qiyməti isə 3,38%, yaxud 1,68 dollar azalaraq 47,93 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi