Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan 2014-cü il ərzində sayğac göstəricilərinə əsasən 33,041 mln. ton xam neft ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 3,5% azdır. "Report" xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən xam neftin ümumi həcmi 26,872 mln. ton olub ki, bu da ümumi ixracın 81,3%-ni təşkil edib və 2013-cü ilin analoji göstəricisindən 2,2% az olub.
Hesabat dövründə Bakı-Supsa boru kəməri ilə ölkədən 4,233 mln. ton neft ixrac edilib və bu, ümumi ixracın 12,8%-nə bərabərdir. Bu kəmərlə neftin nəqli 2013-cü illə müqayisədə 5,1% artıb.
Bununla yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə nəql olunan neftin həcmi son bir ildə 41,8% azalaraq 1,018 mln. ton olub və bu, ümumi ixracın 3,1%-nə bərabərdir.
Qeyd edilən dövrdə dəmir yolu nəqliyyatı ilə daşınan xam neftin həcmi 918,5 min ton (ümumi ixracdan 2,8%) olub ki, bu da 2013-cü il ilə müqayisədə 7,4% azdır.
Sayğac göstəricilərinə əsasən, təhlil olunan dövr ərzində BTC ilə ixrac edilən qaz kondensatının həcmi illik müqayisədə 0,9% azalaraq 2,195 mln. ton olub.
Eyni zamanda, təbii qazın ixrac həcmi 17,4% artaraq 8,565 mlrd. kubmetrdən çox olub, elektrik enerjisinin ixracı isə 1,3 dəfə artaraq 322,0 mln. kVt/saatı keçib.