Azərbaycan əsas neft emalı zavodunun gücünü artıracaq

Azərbaycan əsas neft emalı zavodunun gücünü artıracaq SOCAR prezidenti Rövnəq Abdullayev: "Müəssisənin yeniləşdirilməsinə 1 mlrd. manat tələb olunacaq"
Energetika
5 Noyabr , 2014 18:25
Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxili bazarı avtomobil benzini ilə təmin etmək məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işlərinin aparılmasına dair qərar qəbul edib. "Report"un xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu bizə 2030-cu ilə qədər daxili bazarı "Avro-5" yüksək oktanlı benzinlə təmin etməyə imkan yaradacaq. Müəssisənin yeniləşdirilməsinə 1 mlrd. manat tələb olunur. Yenidənqurma zamanı 7-8 yeni qurğu tikiləcək", - deyə R.Abdullayev qeyd edib. 

Şirkət rəhbərinin sözlərinə görə, yenidənqurma işləri nəticəsində NEZ-in gücü indiki 6 mln. tondan ildə 7,5-8 mln. tona qədər artırılacaq. 

"Bundan başqa, zavodun yenidənqurma işləri tamamlandıqdan sonra digər neft emalı zavodu olan "Azərneftyağ" söküləcək, bu da Bakı Bulvarının ərazisini genişləndirməyə imkan verəcək. Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 2018-2019-cu ildə tamamlanması nəzərdə tutulub", - deyə R.Abdullayev bildirib.

Xatırladaq ki, Neft-qaz emalı və Neft-kimya Kompleksinin tikinti layihəsi (OGPC) çərçivəsində 2030-cü ilə qədər yeni iri NEZ-in tikintisinin tamamlanması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi