Anqola şirkəti SOCAR-la əməkdaşlıqda maraqlıdır

Anqola şirkəti SOCAR-la əməkdaşlıqda maraqlıdır Rövnəq Abdullayev ​Anqola nümayəndə heyəti ilə görüşüb
Energetika
21 İyul , 2016 14:17
Anqola şirkəti SOCAR-la əməkdaşlıqda maraqlıdır

Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Anqolanın “Sonangol Hidrocarbonetos İnternacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqosu və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveiranı qəbul edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Abdullayev nümayəndə heyətinə SOCAR-ın inkişaf tarixi, statusu, əsas fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Səmimi qonaqpərvərlik və qəbul üçün təşəkkürünü bildirən Frederiko Ferraz Dominqos vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu) təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının tanınmaz dərəcədə dəyişib gözəlləşdiyini, əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Azərbaycanda təhsil almış kadrların Anqola neft-qaz sənayesinə mühüm töhfə verdiyini diqqətə çatdıran qonaq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, yataqların kəşfiyyatı, işlənməsi, hasilatı və digər fəaliyyət növləri üzrə Anqola daxilində, habelə xaricdə - Meksika körfəzi, Kuba, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik və digər ölkələrdə həyata keçirdikləri layihələr barədə təqdimat keçirib. Onlar Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib, bunu öz şirkətlərinin strateji inkişafı üçün mühüm hesab etdiklərini vurğulayıblar. 

R.Abdullayev Azərbaycanda beynəlxalq şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, əlverişli investisiya şəraitinin mövcud olduğunu qeyd edərək, SOCAR-ın bir sıra regional və qlobal miqyaslı layihələr çərçivəsində dünyanın aparıcı neft-qaz şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın Azərbaycanın iqtisadi maraqlarına uğurla xidmət etdiyini bildirib. SOCAR prezidenti Anqola şirkəti ilə əməkdaşlıq perspektivlərinin ölkələr arasında münasibətlərin inkişafına böyük töhfə verə biləcəyini deyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da maraqlı fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi